Sosial şəbəkələrdə “Kampus” özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir.
Məsələ ilə bağlı yataqxana rəhbərinə aid olduğu deyilən səsyazısı da yayılıb. Səsyazısında səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yataqxananın rəhbəri iddialara münasibət bildirərək hadisənin təsadüfən baş verdiyini deyib. Onun sözlərinə görə, həmin şəxs özündə olmayıb və ayaqyoluya getmək istədiyini bildirib. Qızlar isə onun yataqxananın bu hissəsinə keçməsinin qadağan olduğunu deyərək etiraz ediblər. Şəxsin yataqxananı tərk etmədiyini görən tələbələr kömək üçün qışqırıblar.
Onun sözlərinə görə, mühafizəçi həmin vaxt tələbələr üçün çay hazırlamaq və yeməkxananı səliqəyə salmaq məqsədilə postundan qısa müddətə ayrılıb. Tələbələrin həyəcan siqnalını işə salmasından sonra isə polis əməkdaşları əraziyə gəliblər.
Yataqxanada qalan tələbələr isə bildiriblər ki, kişi qohumlarının belə yataqxananın daxilinə keçməsinə icazə verilmir. Ərazidə həm içəridə, həm də çöldə mühafizə xidməti fəaliyyət göstərir.
Baku TV-nin əldə etdiyi məlumata görə, hadisədə adı çəkilən şəxs polis tərəfindən müəyyən edilib və barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



