Avropa Mərkəzi Bankının sədri vəzifəsindən gedir

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard 2027-ci ilin fevralın 7-də tutduğu vəzifədən getmək barədə qərar qəbul edib.

Xüsusi.tv xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Laqardı əvəzləyəcək yeni sədr Avropa İttifaqının (Aİ) fəaliyyətinə dair müqavilənin 283-cü maddəsində göstərilən namizədlərin irəli sürülməsi qaydalarına əsasən Avropa Şurası tərəfindən müəyyənləşdiriləcək.

“AMB prezidenti Kristin Laqard bu gün İdarəedicilər Şurasını və Avropa Şurasının rəhbəri Antoniu Koştanı 2027-ci ilin 7 fevralında postunu tərk edəcəyi ilə bağlı məlumatlandırıb”, – deyə açıqlamada qeyd olunub.

AMB rəhbərinin rəsmi səlahiyyət müddəti 2027-ci ilin oktyabr ayında yekunlaşır. Buna baxmayaraq, onun vəzifədən vaxtından əvvəl gedəcəyi barədə iddialar hələ qış aylarından etibarən müzakirə olunurdu. Buna əsas səbəb kimi gələn ilin yazında Fransada baş tutacaq prezident seçkisi göstərilir. Ehtimallara görə, həmin seçkidə sağçı müxalifət namizədinin qələbə qazanması AMB sədri postuna yeni rəhbərin təsdiqlənməsi prosesini mürəkkəbləşdirə bilər.