Estetik həkim kimi fəaliyyət göstərən “Elnarə Lətifova” ifşa edildi !

720 Baxışlar
2 Min oxuyun

Xüsusi.Tv-nin araşdırmaları nəticəsində sosial şəbəkələrdə “dr.elya.aesthetiic” adı ilə tanınan Elnarə Lətifova barəsində ilginc və narahatedici faktlar üzə çıxıb. Məlum olub ki, Elnarə Lətifova hər hansı ali tibbi təhsilə, sertifikata və lisenziyaya malik olmadan estetik prosedurlar həyata keçirir və bu fəaliyyəti sosial şəbəkə hesablarında açıq şəkildə reklam edir.

Sosial media hesablarında “Dr. Elya” kimi tanınan bu şəxs, full face, endolazer, liposaksiya, lipofilling, popolifting və digər estetik cərrahiyyə prosedurlarını təqdim etdiyini paylaşır. Halbuki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamaya görə, bu cür prosedurlar yalnız müvafiq lisenziya və tibbi təhsil əsasında həyata keçirilə bilər. Hətta qeyri-cərrahi (konservativ) kosmetoloji xidmətlər üçün belə, ali tibbi təhsil və sahə üzrə sertifikat tələb olunur.

Xüsusi.Tv-nin əldə etdiyi məlumata əsasən, Elnarə Lətifovanın nə Səhiyyə Nazirliyi, nə də Elm və Təhsil Nazirliyinin məlumat bazasında tibbi təhsil haqqında heç bir qeydi yoxdur. Eyni zamanda, onun adına praktiki tibb fəaliyyəti üçün lazım olan dövlət reyestrində də qeydiyyat tapılmayıb.

Məsələ ilə bağlı qarşı tərəfdən münasibət almağa çalışsaq da, “dr.elya.aesthetiic”in asistenti əməkdaşımıza bildirib ki, Lətifovanın bu barədə açıqlama verməyə vaxtı yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibb xidmətləri yalnız müvafiq lisenziya əsasında həyata keçirilə bilər. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə bu sahə qanunla tənzimlənir və “kosmetoloji” xidmətlər tibbin ayrılmaz sahəsi kimi lisenziyalaşdırılmış fəaliyyət hesab olunur.

Hazırda ölkədə bu kimi halların çoxalması hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin məsələni daha ciddi şəkildə nəzarətə götürməsini zəruri edir. Həm vətəndaşların sağlamlığı, həm də hüquqi nizamın qorunması üçün bu cür qanunsuz fəaliyyətlərə qarşı tədbirlərin gücləndirilməsinə ehtiyac var.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bu məqaləni paylaşın