Son günlər sosial şəbəkələrdə yayılan məlumatlar ölkədə tibbi sahədə ciddi nəzarət problemlərini bir daha gündəmə gətirib. Özünü stomatoloq kimi təqdim edən və “Dentist.Kamran” adı ilə fəaliyyət göstərən şəxslə bağlı səsləndirilən iddialar geniş müzakirələrə səbəb olub.
İddialara görə, sözügedən şəxsin Azərbaycan ərazisində stomatoloji fəaliyyət göstərməsi üçün tələb olunan rəsmi icazə və sertifikatları yoxdur. Buna baxmayaraq, o, sosial platformalar üzərindən pasiyentlər cəlb edərək özünü peşəkar həkim kimi təqdim edib və müxtəlif xidmətlər təklif edib.
Məsələnin ictimailəşməsi ilə yanaşı diqqət çəkən digər məqam isə şəxsin sosial şəbəkə hesablarında etdiyi dəyişikliklər olub. Belə ki, onun profilində əvvəlcə Əcəmi və Xırdalan ərazilərində fəaliyyət göstərdiyi qeyd edildiyi halda, iddialar yayıldıqdan sonra bu məlumatların silindiyi və əvəzində Nərimanov rayonunun göstərildiyi bildirilir. Bu addım bir çoxları tərəfindən məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilir.
Mütəxəssislər qeyd edir ki, tibbi sahədə qeyri-qanuni fəaliyyət göstərən şəxslər vətəndaşların sağlamlığı üçün son dərəcə təhlükəlidir. Xüsusilə stomatologiya sahəsində savadsız və qeyri-peşəkar müdaxilələr ciddi fəsadlara, infeksiyalara və geri dönüşü olmayan sağlamlıq problemlərinə yol aça bilər.
Cəmiyyətdə bu kimi halların artması isə nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, artıq məsələ ilə bağlı müvafiq qurumların diqqət yetirməsi gözlənilir. İctimaiyyət Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının bu iddiaları araşdıraraq lazımi hüquqi tədbirlər görəcəyinə ümid edir.
Qeyd edək ki, bu məsələ ilə bağlı qarşı tərəfin rəsmi mövqeyi hələlik açıqlanmayıb. Xüsusi.Tv olaraq, biz də jurnalist prinsiplərinə uyğun şəkildə hər iki tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir və hadisələrin inkişafını izləyərək oxucularımıza əlavə məlumatlar təqdim edəcəyik.







