Şəhid Xudayarın son izi – döyüş meydanında yazdığı söz ürəkləri dağladı

Vətən müharibəsinin qəhrəmanlarından olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu ərazi ilə bağlı yeni görüntülər yayılıb və hər kəsi duyğulandırıb.

Xüsusi.Tv xəbər verir ki, həmin əraziyə baş çəkən şəxslər diqqətçəkən bir faktı açıqlayıblar. Onların sözlərinə görə, şəhid Xudayar Yusifzadə yaralandıqdan sonra olduğu yerdə “Bu da belə” sözlərini yazıb.

Bildirilir ki, bu sözlər artıq onun şəhid olduğu Zəngilan rayonu ərazisində həkk olunaraq əbədiləşdirilib.

Qeyd edək ki, Xudayar Yusifzadə 2020-ci il oktyabrın 22-də Zəngilan istiqamətində, Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlər zamanı tapşırığın icrası zamanı qəhrəmancasına şəhid olub. O, Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz ölümündən sonra bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb. O, “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xudayar Yusifzadə xalqın yaddaşında yalnız qəhrəmanlığı ilə deyil, həm də döyüş zamanı ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə xüsusi yer tutub. Onun ifası sonradan “Xudayar təsnifi” kimi tanınaraq milyonların qəlbinə yol tapıb.

Bu gün yayılan görüntülər isə bir daha göstərir ki, Xudayar Yusifzadə son anına qədər ruh yüksəkliyi ilə Vətənə bağlılığını qoruyub və tarixə silinməz iz qoyub.