Bir vaxtlar aparıcılıq fəaliyyəti ilə tanınan İdris Cəfərov mərhum reper Hüseyn Dərya ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Xüsusi.Tv xəbər verir ki, o, “Həftənin qonağı” proqramında çıxışı zamanı Hüseyn Dərya ilə münasibətlərinin pozulmasının səbəblərindən danışıb və xüsusilə sənətçinin həyatında baş verən dəyişikliklərə toxunub.
İdris Cəfərov bildirib ki, onların birgə fəaliyyət dövründə kifayət qədər böyük qazanc əldə ediblər və bu, həyat tərzlərinə də təsir edib. Onun sözlərinə görə, həmin dövrdə ətraf mühit, gecə həyatı və yanlış dost çevrəsi münasibətlərə mənfi təsir göstərib.
O qeyd edib ki, özü narkotikdən uzaq durduğu halda, Hüseyn Dəryanın bu mühitə düşməsi aralarındakı etimadı zədələyib. İdrisin sözlərinə görə, zaman keçdikcə münasibətlərdə yalanlar başlayıb, işlə bağlı problemlər yaranıb və maliyyə məsələləri də gərginliyi artırıb.
Aparıcı iddia edir ki, bəzi hallarda ona yanlış məlumatlar verilib və bu da əməkdaşlığın pozulmasına gətirib çıxarıb. Hətta müəyyən dövrdə Hüseyn Dəryanın televiziya layihələrindən uzaqlaşdırılması üçün addımlar atdığını da etiraf edib.
İdris Cəfərov eyni zamanda bildirib ki, bütün yaşananlara baxmayaraq, Hüseyn Dərya onun həyatında mühüm yer tutub və ona ən çox qazanc gətirən sənətçilərdən biri olub. O, reperin insanlarla ünsiyyət qurmaq bacarığını da xüsusi vurğulayıb.
Açıqlamalar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.




