Zaqatalada ağır yol qəzası: Avtomobil aşdı

Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub. Xüsusi tv-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Yuxarı Tala kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (kişi) avqustun 14-də saat 03:00-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

2009-cu il təvəllüdlü şəxslərdən biri komatoz vəziyyətdədir, müalicəsi Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən digər şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər isə zəruri tibbi müdaxilələr olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.