Bakıda hoteldə səs-küy salan qadın həbs edildi

Bakının Səbail rayonunda hoteldə səs-küy salan qadın həbs edilib.

Xüsusi.tv Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən otellərdən birində baş verib.

Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü A.Fətullayeva hoteldə mübahisə yaradıb, orada işləyən Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.

Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, məlum hadisə günü, səhər saat 04:46 radələrində işlədiyi hoteldə üç nəfər yaxınlaşıb:

“Xanımlardan biri spirtli içki təsiri altında hoteldə səs-küy salmağa başladı. Onların hotelə bu vəziyyətdə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman xanım şəxsiyyətimə qarşı qeyri-etik küçə söyüşləri işlətdi”.

Təqsirli bilinən A.Fətullayeva isə izahatında özünü təqsirli bilib. O, hoteldə sərxoş halda olduğundan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu deyib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Fətullayeva 10 gün müddətinə inzibati qaydada həbs edilib.