Fatmayı kəndində evdə baş verən partlayış nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.
Bu barədə Xüsusi.tv sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağırdır:
“Noyabrın 6-da saat 04:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. Həmin ünvana göndərilən təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki,Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verib.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




