Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu – Kimlikləri açıqlandı, birinin son paylaşımı ürəkləri dağladı

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu zamanı baş verən helikopter qəzası nəticəsində 5 hərbçi şəhid olub. Türkiyə Milli Müdafiə Nazirliyi şəhid olan hərbçilərin kimliklərini açıqlayıb.

Rəsmi məlumata əsasən, qəza nəticəsində şəhid olan hərbçilər Hava Pilot Albay Mehmet Çöl, Hava Pilot Üsteğmen Halil Karabulut, Hava Piyade Astsubay Başçavuş Volkan Demirhan, Hava Uçak Bakım Astsubay Başçavuş Muhammed Nurullah Erarslan və Hava Piyade Astsubay Kıdemli Çavuş Mehmet Alp Gürdağdır.

Şəhidlərin kimlikləri açıqlanandan sonra acı xəbər ailələrinə çatdırılıb. Denizli, Kayseri və Eskişehir başda olmaqla, şəhidlərin yaşadıqları evlərə Türkiyə bayraqları asılıb. Ailə üzvləri və yaxınları böyük kədər yaşayıb.

Üç uşaq atası olan Hava Piyade Astsubay Başçavuş Volkan Demirhanın faciədən əvvəl sosial media hesabında helikopterdən paylaşdığı video da diqqət çəkib. Şəhidin son paylaşımı sosial şəbəkələrdə geniş yayılaraq izləyənləri kədərləndirib.

Hadisədən sonra şəhid ailələrinə başsağlığı ziyarətləri başlayıb.

Türkiyədə böyük hüznə səbəb olan faciə ilə bağlı şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verilir.

Allah şəhidlərə rəhmət eləsin!