Türkiyədə “Terrorsuz Türkiyə” prosesi: İzləmə Komissiyası üçün hazırlıqlar başladı – Yeni Parti iştirakdan imtina etdi

Türkiyədə “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində növbəti mühüm mərhələyə start verilir. Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılması planlaşdırılan İzləmə Komissiyasının formalaşdırılması istiqamətində siyasi partiyalar artıq hərəkətə keçib.

TBMM sədri Numan Kurtulmuş komissiyanın 19 üzvdən ibarət olacağını açıqlayıb. Bundan sonra parlamentdə təmsil olunan siyasi partiyalara komissiyada iştirak edəcək nümayəndələrinin adlarını müəyyənləşdirmək üçün müraciət ünvanlanıb.

AK PARTİDƏ ADLAR ƏRDOĞANA TƏQDİM OLUNACAQ

AK Partiyanın yüksək vəzifəli nümayəndələri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə Prezident Administrasiyasında – Külliyedə toplantı keçirəcək.

Toplantıda İzləmə Komissiyasında təmsil olunacaq şəxslərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Seçiləcək namizədlərin adları daha sonra Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

Məlumata görə, komissiyada koordinasiya vəzifəsini Abdülhamit Gül həyata keçirəcək.

MHP VƏ CHP NÜMAYƏNDƏLƏRİNİ MÜƏYYƏN EDİB

Milliyyətçi Hərəkat Partiyası (MHP) komissiyada təmsil olunmaq üçün iki nəfərin adını açıqlayıb. Bunlar partiya sədrinin müavini, İstanbul millət vəkili Feti Yıldız və Sakarya millət vəkili Muhammed Levent Bülbüldür.

CHP də komissiyada iştirak edəcək nümayəndələrini müəyyənləşdirməyə başlayıb.

YENİ PARTİ KOMİSSİYAYA ÜZV GÖNDƏRMƏYƏCƏK

Prosesdə diqqət çəkən məqamlardan biri isə Yeni Partinin qərarı olub. Partiya “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılması planlaşdırılan İzləmə Komissiyasına nümayəndə göndərməyəcəyini açıqlayıb.

Beləliklə, Türkiyədə terrorla mübarizə və siyasi dialoq istiqamətində həyata keçirilən təşəbbüs yeni siyasi müzakirələrə yol açıb.

Komissiyanın formalaşdırılması ilə bağlı növbəti qərarların Türkiyənin daxili siyasi gündəmində mühüm yer tutacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir