Vadalazların dənizdə insanları boğması düşüncəsi realdırmı? – Ekspert AÇIQLADI

Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün dəniz, çay və göllərə üz tutan insanların sayı çoxalır. Təəssüf ki, bu istirahət anları da faciələrlə nəticələnə bilir. Bunlardan biri də suda boğulma təhlükəsi ilə üz-üzə qalmaqdır. 2025-ci ilin sentyabrın 19-da yayılan statistikaya görə, bu ilin yalnız 3 ayında ölkədə 79 nəfər suda boğulub. Suda boğulmanın ən çox səbəblər arasında nəzarətsiz üzmək, uşaqların tək buraxılması və üzmə bacarığının olmaması yer alır.

Bəs, bu kimi halların qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülə bilər?

Xüsusi.Tv xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə ekspert Orxan Musayev Patrulaz.az-a açıqlamasında bildirib ki, nəzarətsiz yerlərdə suya girən hər kəs sanki öz həyatını risk altına qoyur:

“Suda boğulma halları əsasən insanların ehtiyatsız davranışından qaynaqlanır. Çoxları təhlükəsizlik qaydalarını nəzərə almadan nəzarətsiz yerlərdə üzməyə çalışır. Amma unutmamalıyıq ki, nəzarətsiz ərazilərdə suya girən hər bir insan sanki öz əcəl kağızına imza atır.

Digər böyük problem uşaqlarla bağlıdır. Təəssüf ki, bir çox valideynlər övladlarını su kənarlarında nəzarətsiz buraxır. Halbuki az yaşlıların həyatında ən kiçik laqeydlik belə faciə ilə nəticələnə bilər. Uşaq bir neçə saniyə içində boğula bilər və çox vaxt bu səssiz baş verir, çünki boğulma halları ümumiyyətlə səssiz baş verən bədbəxt hadisədir”.

Ölkəmizin dənizində o qədər adam boğulur ki, artıq insanlar bunun səbəbini başqa məsələlərlə əlaqələndirməyə başlayıblar. Bir çox vətəndaş düşünür ki, dənizdə boğulma sayının artmasına təsir göstərən əsas amil məhz vadalazlardır. Bəziləri düşünür ki, insanları xilas etməyə çalışan vadalazlar, çox vaxt da “pul xətrinə” onları qəsdən suda batırmağa çalışırlar.

Bununla bağlı da Orxan Musayev öz fikirini bölüşdü. Onun fikrincə, boğulma hadisələrinin peşəkar vadalazlar tərəfindən qəsdən törətdildiyi iddiası tamamilə əsassızdır:

“Cəmiyyətdə bəzən belə fikir səslənir ki, boğulma hallarını guya vadalazlar qəsdən törədir; bu, tamamilə əsassız bir mifdir. Əksinə, peşəkar vadalazların vəzifəsi insan həyatını xilas etməkdir. Onların varlığı təhlükə deyil, həyat sığortasıdır.

Biz hər zaman xatırlamalıyıq ki, təhlükəsizlik təkcə fərdi məsələ deyil, həm də ailənin və cəmiyyətin məsuliyyətidir. Təhlükəsizliyi olmayan yerlərdə çimmək və uşaqları nəzarətsiz qoymaq sadəcə bir risk deyil, həyatı taleyin ümidinə buraxmaqdır.

Çimərlikdə bədbəxt hadisələrlə qarşılaşmamaq üçün yalnız rəsmi çimərliklərdən istifadə olunmalı və uşaqlara daim nəzarət edilməlidir. Çünki su təhlükəsizliyə biganə deyil; təhlükəsizliyə biganə yanaşan üçün su faciə ilə nəticələnir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir