Azərbaycanda mühüm sosial problem olan erkən nikahla yanaşı, qanunsuz olsa da, yaxın qohumlar arasında evlilik halları hələ də davam edir. 2025-ci ilin 1 iyul tarixindən etibarən ölkəmizdə əmi, xala, bibi və dayı uşaqlarının nikahı qadağan edilib.
Bu qərar Azərbaycan cəmiyyətinə daha sağlam uşaqlar dünyaya gətirmək üçün atılmış mühüm addımdır. Çünki yaxın qohum evliliklərindən doğulan uşaqların tam sağlam olma ehtimalı az olur. Bu qərara “sözdə” uyğunlaşmaq istəyənlər, hətta qohumluqdan belə imtinanı gözə alırlar. Belə ki, bəziləri öz yaxın qohumu ilə evlənmək üçün ya valdeynlərindən imtina edir, ya da qanunsuz, qeyri-rəsmi yollarla evliliyə üz tutur.
Maraqlıdır ki, övladın valdeynindən imtina etməsindən sonra qohumu ilə nikaha girməsi qanunlara nə dərəcə uyğundur?
Məsələ barəsində hüquqşünas Aydan Rəhimlinin peşəkar təcrübəsinə üz tutduq.
Hüquqşünas bu barədə Patrulaz.az-a bildirib ki, qohumla evlənmək məqsədilə valdeynin övlada olan hüquqlarının məhdudlaşdırılması və ya övladın valdeynindən imtina etməsi tamamilə qanunsuz və qanuna zidd hərəkətdir:
“Azərbaycan Respublikasının qanunvericiliyində valdeynin öz övladından imtina etməsi ilə bağlı bir səlahiyyəti yoxdur. Ancaq bu zaman valdeynin övlada qarşı hüquqları məhdudlaşdırıla bilər. Bunun üçün də ciddi əsaslar olmalıdır. Yəni, valdeyn hüququndan məhdudlaşdırma və yaxud da valdeynlik hüququndan məhrumetmə məsələsi Ailə Məcəlləsinə uyğun olaraq tənzimlənir. Buna xüsusi əsaslar olduğu təqdirdə və yalnız məhkəmə qaydasına uyğun olaraq mümkündür. Bir sözlə, qohum evliliyinindən yayınmaq məqsədilə sadaladığım əməllərə üz tutmaq qanuna ziddir. Hər bir halda da İnzibati Qeydiyyat Şöbəsi bioloji qohumluq məsələlərinə də nəzər yetirir”.




