Bir neçə bölgədən olan vətəndaşlar redaksiyamıza müraciət edərək Şəki rayon sakini Kərimov Murad Natiq oğlu barədə iddialar səsləndiriblər.
Onların sözlərinə görə, həmin şəxs sosial şəbəkələrdə və elan platformalarında satılan mobil telefonları almaq adı ilə satıcılarla əlaqə saxlayır və cihazların Bakıya gətirilməsini xahiş edir.
Şikayətçilərin iddiasına görə, o, Bakıda müxtəlif ərazilərdə satıcılarla görüşərək “telefonu həyat yoldaşıma göstərim”, “yaxınlıqdakı ustaya göstərib qayıdıram” kimi bəhanələr səsləndirir, bundan sonra isə telefonu alaraq hadisə yerindən uzaqlaşır və geri qayıtmır.
Redaksiyamıza müraciət edən zərərçəkmişlər bildirib ki, onlar bu hallarla bağlı dərhal 102 – Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat veriblər və aidiyyəti polis orqanlarına rəsmi ərizələr təqdim olunub.
Məlumata görə: Nizami rayonunda yerləşən 25-ci Polis Bölməsinə iPhone 14 Pro Max telefonu ilə bağlı Səbuhi Şükürov Şahin oğlu müraciət edib.
Zaqatala rayon sakini Məmmədov Əhməd Eyvaz oğlu isə S24 Ultra markalı telefonla bağlı Zaqatala Rayon Polis Şöbəsinə ərizə təqdim edib.
Şikayətçilər bildirirlər ki, oxşar hadisələrlə üzləşənlərin sayı kifayət qədərdir və onlar Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını və hüquqi tədbirlərin görülməsini xahiş edirlər.
Dövlət qurumlarının rəsmi mövqeyi dəqiqləşdikdən sonra məlumat yenilənəcək.






