Ata Abdullayevlə bağlı amnistiya iddialarına vəkilindən AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, 2025-ci ilin dekabr ayında icra edilən amnistiya aktı həbsdə olan videobloqer Ata Abdullayevə də şamil edilib və onun yaxın vaxtlarda azadlığa buraxılması gözlənilir. Sözügedən iddialar qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Xüsusi.Tv redaksiyasına müraciət edən Ata Abdullayevin vəkili Telman Abdıyev sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Vəkil qeyd edib ki, guya möhtərəm Prezidentin təşəbbüsü ilə qəbul edilən və təxminən 20 min nəfəri əhatə edən amnistiya aktının Ata Abdullayevə də şamil olunacağı və onun bu əsasla azadlığa buraxılacağı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vəkilin sözlərinə görə, hazırda qüvvədə olan amnistiya aktı Ata Abdullayevə aid edilmir. O bildirib ki, Ata Abdullayev artıq xeyli müddətdir cəza çəkir və qanunvericiliyin verdiyi imkanlar çərçivəsində cəzanın üçdə iki hissəsinin çəkilməsi əsasında gələcəkdə şərti vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunması nəzərdə tutulur.

Vəkil vurğulayıb ki, Azərbaycan hüquqi dövlətdir və yalnız qanuni əsaslar və ədalətli məhkəmə qərarı əsasında Ata Abdullayevin azadlığa buraxılması mümkündür. Bu baxımdan sosial şəbəkələrdə yayılan və guya mövcud amnistiya aktına əsasən onun azad ediləcəyi ilə bağlı məlumatlar reallığı əks etdirmir.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasında yeni amnistiya aktının icrasına başlanılıb və bu, ölkə tarixində ən genişmiqyaslı amnistiyalardan biri hesab olunur. Proqnozlara görə, amnistiya 20 mindən çox şəxsi əhatə edəcək. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən çoxunun cəzasının azaldılacağı, 7 mindən çox şəxsin isə azadlığın məhdudlaşdırılması cəzasından buraxılacağı, eləcə də bir sıra digər şəxslərin müxtəlif hüquqi güzəştlərdən yararlanacağı gözlənilir.

Səbinə Hüseynova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir