Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 1A ünvanında yerləşən Alıson Hotel barəsində adının açıqlanmasını istəməyən müştərilərdən birinin narazılığı daxil olub.
Xüsusi.Tv “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, Müştərinin sözlərinə görə, otel özünü reklam materiallarında “müasir tələblərə cavab verən” məkan kimi təqdim etsə də, real vəziyyət bu iddialarla üst-üstə düşmür.
Narazı müştəri bildirir ki, otelin qapısından içəri daxil olan andan etibarən qonaqpərvərlikdən daha çox biganəlik hiss olunur. Təmizlik və xidmət standartları isə səhlənkarlıq təəssüratı yaradır. Xüsusilə vurğulanır ki, təqdim edilən görüntü yalnız kağız üzərində mövcuddur.
Otelə gələn qonaqların ilk ünsiyyət nöqtəsi olan resepsiyada da ciddi problemlər müşahidə olunur. Müştəri müraciətlərinə cavab verilməsi ləngiyir, qaldırılan məsələlərin həlli isə çox zaman ya gecikir, ya da ümumiyyətlə diqqətdən kənarda qalır.
Xarici turistlər üçün vəziyyətin daha da çətin olduğu qeyd edilir. Dil baryeri, peşəkarlıqdan uzaq davranış və diqqətsizlik otelin xidmət səviyyəsini daha da aşağı salır. Narazı müştərilərdən birinin ifadəsi ilə desək: “Burada xidmət yox, səbr imtahanı var.”
Müştəri həmçinin bildirir ki, otelin reklamında təqdim olunan imkanlar reallıqla uzlaşmır. Gecəlik 90-100 manat arasında təklif edilən standart otaqlara səhər yeməyinin daxil olduğu deyilsə də, təqdim olunan qidaların keyfiyyəti olduqca aşağıdır. Bundan əlavə, sanitar qovşaqlarında və hamam otaqlarında texniki nasazlıqlar mövcuddur, havalandırma sistemləri isə demək olar ki, normal işləmir.
Narazı müştərinin sözlərinə görə, qiymət–keyfiyyət nisbəti baxımından Alıson Hotel gözləntiləri doğrultmur. O hətta vurğulayır ki, gecəlik 30–40 manata olan bəzi hotellərdə şərait və xidmət səviyyəsi burada təklif ediləndən qat-qat yaxşıdır.
Qeyd olunan iradlar göstərir ki, otelin reklam və təqdimat siyasəti ilə real xidmət səviyyəsi arasında ciddi uyğunsuzluq mövcuddur. Bu isə həm yerli, həm də xarici turistlərdə narazılıq yaradır və otelin imicinə mənfi təsir göstərir.
Azərbaycan Reallığı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
“Alıson Hotel müştərilər tərəfindən tənqid olunur: İddialar gerçəyi əks etdirmir?”




