Satınalma müsabiqələrində fəal şirkətlərdən biri də “Azsur Group” MMC-dir.
Xüsusi.Tv xəbər verir ki, şirkət yeni ilin ilk ayında artıq 2 tenderin qalibi seçilib.
Bu tenderlər Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilib.
“Əsaslı Tikinti və Təchizat” MMC-nin keçirdiyi satınalma müsabiqəsi isə Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır. MMC buna görə “Azsur Group” şirkətinə 383 500 manat ödəməlidir.
Araşdırmalarımız zamanı məlum olub ki, “Azsur Group” MMC ötən il 54 tenderin qalibi seçilib. Bu tenderlər Oğuz, Hacıqabul, Ağstafa, Qəbələ, Qazax rayon icra hakimiyyətləri də daxil müxtəlif qurumlar tərəfindən keçirilib. Şirkətin qalibi seçildiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 681 037,36 manatdır.
Bəs dövlət qurumların iri layihələri etibar etdiyi bu şirkət haqqında nə bilirik?
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azsur Group” MMC 21 FEVRAL 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbəli, ev 21F, mənzil 21F-də yerləşən şirkətin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
“Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.




