Aparıcılar efirlərdən uzaqlaşdırılır – TV məkanında yeni dövr başladı

Son günlər televiziya məkanında baş verən dəyişikliklər cəmiyyətdə geniş rezonans doğurub. Xüsusilə şou xarakterli proqramların taleyi ilə bağlı yayılan məlumatlar media sektorunda yeni mərhələnin başlandığını göstərir. Adı hallanan verilişlər sırasında “Tarixin bir günü” və “Elgizlə izlə” kimi proqramlar var.

Məlum olduğu kimi, bu tip layihələr illərdir tamaşaçı auditoriyasını əyləndirməyə, sosial mövzuları və şəxsi həyat hekayələrini gündəmə gətirməyə xidmət edib. Lakin zaman keçdikcə bu proqramların məzmunu ilə bağlı tənqidlər artıb. Bir çox hallarda etik normaların pozulması, ailə-məişət problemlərinin şou elementinə çevrilməsi və sensasiya xatirinə süni mübahisələrin yaradılması ictimai narazılıq doğurub.

Mütəxəssislər hesab edirlər ki, məsələ verilişlərin tam bağlanmasından daha çox, keyfiyyətli və maarifləndirici kontentin hazırlanmasıdır. Onların fikrincə, televiziya məkanında sağlam rəqabət mühiti formalaşmalı, reytinq naminə cəmiyyətə mənfi təsir göstərən məzmunlardan uzaq durulmalıdır. Bu dəyişiklik eyni zamanda yeni və daha peşəkar formatların yaranmasına da təkan verə bilər.

Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, artıq Azərbaycan televiziyalarındakı neqativ hallarla bağlı ciddi müzakirələr aparılır. Tamaşaçıları qıcıqlandıran, bayağılıq elementləri ilə yadda qalan bəzi proqramların yayımı dayandırıla bilər. Eyni zamanda, efir siyasətinə nəzarət gücləndiriləcək və aparıcılara daha ciddi şərtlər qoyulacaq.

Məlumat üçün bildirək ki, 24 fevral 2026-cı il tarixində Audiovizual Şuranda ümumölkə yerüstü və peyk yayımı həyata keçirən televiziya kanallarının məsul şəxsləri ilə görüş keçirilib. Görüş zamanı qurumun Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Xoşqədəm Zeynalova çıxış edərək “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarının tələblərini diqqətə çatdırıb.

Televiziya nümayəndələrinə insanların şəxsi həyatının efirdə müzakirə mövzusuna çevrilməsinin hüquqi və etik baxımdan düzgün olmadığı vurğulanıb. Bu isə göstərir ki, qarşıdakı dövrdə şou tipli proqramlarda ciddi nəzarət mexanizmi tətbiq olunacaq.

Beləliklə, Azərbaycanda bəzi şou verilişlərin bağlanması və ya format dəyişikliyinə məruz qalması təkcə proqram siyasətində dəyişiklik deyil, bütövlükdə media mühitində transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əsas məsələ isə yaranacaq boşluğu daha faydalı, maarifləndirici və cəmiyyətə real dəyər qatan layihələrlə doldurmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir