İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümü TƏSDİQLƏNDİ

İranın ali dini lideri Ayətullah Əli Xamenei öldürülüb.

Xüsusi.Tv “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu xəbəri Əli Xameneinin müşaviri, İranın Müdafiə Şurasının rəhbəri, həmçinin SEPAH təsdiqləyib.

Məlumata görə, ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində Əli Xameneinin qızı, kürəkəni və nəvəsi də həlak olublar.

İran İnqilab Keşikçiləri də Xameneinin ölümü ilə bağlı bəyanat yayıb:

“Böyük alim və İslam İnqilabı şəhidlərinin sərkərdəsi, gözlənilən imamın lideri və dövrün qanuni nümayəndəsi İmam Əli Xameneinin müqəddəs Ramazan ayında şəhid olması münasibətilə dərin hüznlə başsağlığı veririk. İmam Mehdiyə, İslam ümmətinə, böyük alimlərə və fəqihlərə, eləcə də böyük İran xalqına başsağlığı diləyirik.

Onun bəşəriyyətin ən qəddar terrorçuları və zalımlarının əlində şəhid olması bu böyük liderin salehliyinin və səmimi xidmətlərinin qəbul edilməsinin sübutudur. İslam və sevimli İran yolunda şəhidlik qələbənin və məqsədə yaxınlığın əlamətidir. Lakin İmam Xameneinin şəhadəti onun yolunu və prinsiplərini dayandırmayacaq, əksinə bu yol daha böyük güc və dözümlülüklə davam etdiriləcək”.

Bəyanatda ABŞ və İsraildən qisas alınacağı da vurğulanıb:

“ABŞ və sionist qurum tərəfindən törədilən bu terror cinayəti dini, əxlaqi və hüquqi normaların kobud şəkildə pozulmasıdır. Buna görə də İran xalqının qisas əli uzanacaq və ümmətin imamının qatilləri sərt və qəti cəzadan qaça bilməyəcəklər.

İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələri və Xalq Səfərbərlik Qüvvələri (Bəsic) bu böyük liderin irsini qoruyaraq onun yolunu qətiyyətlə davam etdirəcək, daxili və xarici təhdidlərə qarşı mübarizəni davam etdirəcək və İran dövlətinə qarşı təcavüz edənləri cəzalandıracaq”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin ölümü ilə əlaqədar 40 günlük ümummilli matəm elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir