Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında İsveçrədən iki kateqoriya üzrə 98 qiymətli metal korpuslu qol saatı gətirilib. Onların ümumi idxal dəyəri 1 milyon 752.22 min ABŞ dolları (2 milyon 978.77 min manat) təşkil edib. Saatların bir ədədinin orta gömrük dəyəri təxminən 17.9 min dollar olub.
Xüsusi.tv rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək orta dəyər qiymətli metal korpuslu, avtomatik qurulma mexanizmi ilə işləyən qol saatları üzrə qeydə alınıb.
Hesabat dövründə İsveçrədən bu kateqoriyaya aid 29 saat idxal edilib. Onların ümumi gömrük dəyəri 878.36 min dollar (1 milyon 493.21 min manat) təşkil edib. Beləliklə, bir saatın orta gömrük dəyəri 30.3 min dollara (51.5 min manat) çatıb.
Qiymətli metal korpuslu, elektriklə işləyən və mexaniki göstəriciyə malik qol saatlarının idxalı isə 69 ədəd olub. Bu saatların hamısı İsveçrədən gətirilib və ümumi dəyəri 873.86 min dollar (1 milyon 485.56 min manat) təşkil edib.
Həmin kateqoriyada bir saatın orta gömrük dəyəri təxminən 12.7 min dollar (21.5 min manat) olub.
Müqayisə göstərir ki, avtomatik qurulan İsveçrə saatlarının orta gömrük dəyəri elektriklə işləyən mexaniki göstəricili saatların orta dəyərindən təxminən 2.4 dəfə yüksəkdir.
Məlumatlarda qiymətli metal korpuslu digər qol saatlarının idxalı da əksini tapıb. Bu kateqoriyada İsveçrədən beş saat 90.02 min dollara gətirilib. Onların bir ədədinin orta gömrük dəyəri təxminən 18 min dollar (30.6 min manat) təşkil edib.
Beləliklə, qiymətli metal korpuslu qol saatlarının qeyd olunan üç kateqoriyası üzrə İsveçrədən ümumilikdə 103 saat idxal olunub. Onların gömrük dəyəri 1 milyon 842.24 min dollar (3 milyon 131.81 min manat) olub.




