Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşən minik avtomobilinin sahibi məlum olub.BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında Vüsal Nəsirli olub. O, yüngül xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın hadisəsi qeydə alınmayıb”, – deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Bundan əlavə hadisəni müşahidə etmək üçün toplaşan insanlar da sıxlığın yaranmasına səbəb olublar.Xüsusi.tv- sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.




