Bakıda narkotik tərkibli dərmanların qanunsuz satışı: Vəkil Orxan Kəngərli və daha 6 nəfər saxlanılıb

Xüsusi.tv xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik asılılığı olan şəxslərə güclü təsir edən dərman preparatlarının qanunsuz satışını təşkil edən şəxslər saxlanılıblar.

Əməliyyat zamanı əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində yerləşən, özünə məxsus “Vidal” aptekdə saxlanılıb. Baxış zamanı aptekdən İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilən külli miqdarda narkotik tərkibli “Diazepam” və “Pregabalin” (“Lirika”) həbləri götürülüb.

Araşdırmalar zamanı Xalid Mustafayevlə birlikdə qanunsuz dövriyyədə iştirak edən şəxslərin də dairəsi müəyyənləşdirilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Tural Əliyev narkotik asılılığı olan Orxan Kəngərli və digər şəxsləri Xalid Mustafayevlə əlaqələndirib. Həmin şəxslər xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər psixotrop tərkibli preparatları müxtəlif vaxtlarda qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda narkotik tərkibli həblərin ödənişi Tural Əliyevin bank kartına köçürülərək Xalid Mustafayevə çatdırılıb.

İstintaq zamanı Orxan Kəngərlinin əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, tanışları Elşad Aslanlı və Pərviz İsmayılova da satdığı müəyyən edilib. Həmçinin narkotik vasitələrin gizlədildiyi ünvanın onun qohumu Murad Həsənov vasitəsilə Elşad Aslanlıya göndərildiyi bildirilib.

Bundan başqa, Orxan Kəngərlinin digər qohumu Tural Ağayevlə güclü təsiredici preparatların istifadəsi və əldə edilməsi ilə bağlı danışıqları da istintaqın diqqətində olub. Həmin maddələrin “Liri”, “Lirik” və “Lirika” kimi şərti adlarla əldə edilməsinə dair məlumatların texniki sübutlarla təsdiqləndiyi qeyd olunub.

Faktlarla bağlı Orxan Kəngərli və Xalid Mustafayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə adı çəkilən digər şəxslərlə bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.