Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

Xüsusi.tv  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-u saat 21:00-dan etibarən Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bundan başqa, Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.