Bəzi məktəblərin direktorları və müavinləri yenidən imtahan verəcəklər?

“Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri aparılır, digər infrastruktur obyektləri ilə yanaşı ümumi və məktəbəqədər təhsil müəssisələri də yenidən qurulur”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən açıqlama verilib.

Qeyd olunub ki, proses çərçivəsində məcburi köçkün məktəblərinin bir qisminin mərhələli şəkildə öz doğma bölgələrində fəaliyyətinin bərpa edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir:

“Belə müəssisələrin gələcək fəaliyyəti hər bir hal üzrə ayrıca qiymətləndirilir: mövcud şagird kontingenti, yerləşmə imkanları, yaxınlıqdakı ümumi təhsil müəssisələrinin tutumu və faktiki ehtiyac nəzərə alınmaqla, zərurət olduğu halda həmin müəssisələrin bazasında yeni ümumi təhsil müəssisəsi yaradılır. Bu halda məktəbin pedaqoji, inzibati və texniki heyəti mövcud ştat vahidləri çərçivəsində fəaliyyətini davam etdirir. Digər hallarda isə müvafiq məktəblər üzrə optimallaşdırma tədbirləri həyata keçirilir. Bu zaman ilk növbədə həmin məktəblərdə təhsil alan şagirdlərin yaşayış yeri, yaxınlıqda yerləşən məktəblərin qəbul imkanları və mövcud məktəb şəbəkəsi nəzərə alınmaqla onların digər ümumi təhsil müəssisələrinə yerdəyişməsi təmin olunur. Optimallaşdırılan müəssisələrdə çalışan işçi heyətlə bağlı məsələlər mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Müəllimlərə ixtisaslarına uyğun mövcud vakansiyalar üzrə iş təklif olunur. Direktor və direktor müavinlərinin də mövcud imkanlar çərçivəsində digər müəssisələrdə müvafiq vəzifələrə yerləşdirilməsi məsələsi nəzərdən keçirilir və müvafiq qərarlar qəbul edilir. Qeyd edirik ki, əmək münasibətlərinə dair məsələlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənir”.