Azərbaycanda bütün binaların 2060-cı ilə qədər bərpaolunan enerji ilə işləyən elektrikli hava-su tipli istilik nasosları ilə təchiz edilməsi gözlənilir.
Xüsusi.tv xəbər verir ki, sözügedən məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Sənəddə qeyd olunur ki, elektrikli istilik nasosları ənənəvi təbii qazla işləyən istilik sistemlərindən təxminən üç dəfə daha səmərəlidir, çünki onlar istiliyi yanma yolu ilə istehsal etmək əvəzinə onu ötürürlər.
Buna görə də ümumi elektrik istehlakı artsa da, emissiyaların xalis azalmasına nail olmaq mümkündür. Bundan əlavə, bu texnologiya iş prinsipi sayəsində istilik təminatı üçün sərf olunan suyun miqdarını azaltmaqla və bununla da təbii qazdan asılılığı əhəmiyyətli dərəcədə aşağı salmaqla binalar sektorunda izafi təsir yaradan əlavə üstünlüklərə malikdir.
2060-cı ilə qədər bərpaolunan enerji ilə işləməsi nəzərdə tutulan elektrikli sobaların bütün binalarda quraşdırılması, yemək bişirmək üçün istifadə edilən təbii qazdan qaynaqlana istixana qazı emissiyalarını azaldacaq.
Yüksəkemissiyalı yanacaqlardan istifadə edən qaz sobalarından fərqli olaraq, elektrik sobaları istilik yaratmaq üçün elektrik müqavimətindən istifadə edir və bu istilik daha sonra qablara ötürülür və bu da onları daha səmərəli edir.



