Azərbaycan iki onillik ərzində minaxtaran itlərin tətbiqi sahəsində əhəmiyyətli potensial formalaşdırıb və indi toplanmış təcrübəsini beynəlxalq səviyyədə bölüşə bilər.
“Report” xəbər verir ki, bu barədə Marşal İrsi İnstitutunun icraçı direktoru Eliza Bekker Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın ilk mərhələlərində ekspert bilikləri və praktiki təcrübə yalnız Azərbaycana ötürülürdüsə, bu gün mübadilə artıq hər iki istiqamətdə həyata keçirilir: “Azərbaycan bu sahədə o qədər əhəmiyyətli təcrübə toplayıb ki, o da indi öz biliklərini bizimlə bölüşə bilər”.
İcraçı direktor həmçinin regional və beynəlxalq əməkdaşlığın, o cümlədən minatəmizləmə fəaliyyətinin qabaqcıl metodlarının mübadiləsinin vacibliyini qeyd edib:
“Hesab edirəm ki, bu gün Azərbaycanın minaxtaran itlərin tətbiqi sahəsində malik olduğu potensial sayəsində ölkə beynəlxalq təcrübə mübadiləsində iştirak etmək üçün əla mövqeyə sahibdir”.




