Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının inşası və layihələndirilməsi ilə bağlı satınalma xidmətlərinin icrası Gürcüstanın Bələdiyyələrin İnkişafı Fonduna həvalə edilib.
Oxu.Az Bm.ge portalına istinadən xəbər verir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Qərara əsasən, diplomatik nümayəndəliyin yeni binası paytaxtın Yasamal rayonu ərazisində, Bəşir Səfəroğlu və Nəriman Nərimanov küçələrinin kəsişməsindəki 3 444.5 kvadratmetrlik sahədə tikiləcək.
Satınalma proseduru tikinti və layihələndirmə işlərini ehtiva edən ümumi “Design-Build” müqaviləsinə uyğun həyata keçiriləcək. 2026-cı il üçün nəzərdə tutulan fəaliyyətlər Gürcüstanın Bələdiyyələrin İnkişafı Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdiriləcəkdir.
İşlərin sonrakı mərhələləri üzrə maliyyələşmə 2027-ci ilin, habelə ehtiyac yaranarsa, daha sonrakı illərin büdcə sənədlərinə daxil olunacaq. İnşaat prosesi yekunlaşdıqdan sonra yeni bina Gürcüstan Xarici İşlər Nazirliyinin istifadəsinə veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə və Nazirlər Kabinetinin 2023-cü il tarixli qərarına uyğun olaraq səfirliyin tikintisi üçün ayrılmış torpaq sahəsi 2025-ci ilin yanvar ayında Gürcüstan tərəfinə təqdim edilib. Ayrılmış ərazidə həm diplomatik korpusun binası, həm də səfirin iqamətgahı yerləşəcək.
Gürcüstanın Azərbaycandakı hazırkı səfirliyi paytaxtın Nərimanov rayonunda, Yaşar Hüseynov, 13/15 ünvanında fəaliyyət göstərir


