Nizami rayonunda tikinti özbaşınalığı – səkilər dağıdılır, işıq dirəkləri sıradan çıxarılır

Bakıda yağıntılardan sonra yaranan problemlər hələ tam aradan qalxmamış, şəhərdə yeni narahatedici hallar yenidən diqqət çəkir. Son günlər paytaxtda qanunsuz tikinti ilə bağlı iddiaların artması müşahidə olunur.

Xüsusi.Tv xəbər verir ki, yayılan videogörüntülərdən birində Nizami rayonu, Elşən Süleymanov küçəsində aparılan tikinti işləri əks olunub. Kadrlarda açıq şəkildə görünür ki, tikinti zamanı piyada səkisi dağıdılır, eyni zamanda küçənin işıqlandırma sistemi – dirəklər və xətlər ciddi şəkildə zədələnir.

Ortaya çıxan mənzərə bir sıra suallar doğurur. Bu tikinti hansı əsaslarla həyata keçirilir? Layihə sənədləri mövcuddurmu? Əgər varsa, niyə ictimai istifadədə olan infrastruktur bu formada məhv edilir?

Məsələ təkcə bir obyektlə məhdudlaşmır. Müşahidələr göstərir ki, bu kimi hallar paytaxtın müxtəlif ərazilərində vaxtaşırı təkrarlanır. Aidiyyəti qurumların nəzarət mexanizmlərinin zəifliyi və ya ümumiyyətlə işləməməsi ilə bağlı fikirlər səsləndirilir.

Ekspertlərin fikrincə, belə hallarda bir neçə qurum paralel məsuliyyət daşıyır. Şəhərsalma, yol infrastrukturu və işıqlandırma xidmətləri bu proseslərə nəzarət etməli olduğu halda, real vəziyyət bunun əksini göstərir.

Səkilərin dağıdılması piyadaların hərəkətini çətinləşdirir, işıqlandırma sisteminin sıradan çıxması isə xüsusilə axşam saatlarında təhlükəsizlik risklərini artırır. Bu isə artıq təkcə estetik yox, birbaşa vətəndaşların təhlükəsizliyi ilə bağlı məsələdir.

Qeyd edək ki, sözügedən ərazi Nizami rayonu icra hakimiyyətinin nəzarət zonasına daxildir. Rayonun icra başçısı Coşqun Cəbrayılovdur. Baş verənlərlə bağlı rəsmi mövqe hələlik açıqlanmayıb.

Məsələ ilə bağlı araşdırma aparılıb-aparılmadığı, tikintinin qanuni olub-olmaması və dağıdılmış infrastrukturun bərpasının kim tərəfindən həyata keçiriləcəyi sual olaraq qalır.

Bu məqalə Xüsusi.Tv-yə məxsusdur. Mənbə göstərilmədən istifadə edilməsi və Xüsusi.Tv adının silinməsi qadağandır.