Novxanıda ‘Spring Hotel’də ödəniş “Card to card” sistemi ilə alınır? -Fotofakt

13 Baxışlar
3 Min oxuyun

Həftə sonu uşaqların aquapark istəyi ilə Novxanıda yerləşən “Spring Hotel”ə getmişdik. Həmin gün havanın çox isti olması, axır bir neçə həftə sonunun küləkli keçməsindən gedəcəyimiz bütün çimərliklərdə, aquaparklarda sıxlıq olacağını nəzərə almışdıq. Elə də oldu…

Amma sıxlıq və izdihamdan başqa gördüyümüz mənzərə də xoş deyildi. Əslində, indi yazacaqlarımızı hamımız əksər ticarət obyektlərində görmüşük. Amma ödədiyin məbləğ qarşılığında gördüyün xidmətin və münasibətin qat-qat aşağı səviyyədə olması insana pis təsir edir. Bir tərəfdən də bəzi insanların qaydaları pozmasını müşahidə etmək, növbə mədəniyyətsizliyini görmək üzücü olur.

Uzun tıxacdan sonra “Spring Hotel”ə çatanda girişdəki qələbəlik bizi təəccübləndirmədi. Həftə sonu qiymətlərin kəllə-çarxa qalxacağını da bilirdik.

Böyüklər üçün giriş 30 manat, uşaqlar üçün isə 20 manat. Bu ödənişə dəsmal, “lejanka” və aquaparkdan istifadə daxildir. Xüsusi qolbaqları aldıqdan sonra hovuz və aquapark olan əraziyə yaxınlaşanda turniketdən keçərkən çantaları da yoxlayırlar. Kənardan qida, içki gətirmək olmaz…

Soyunub-geyinmə otağındakı üfunət iyini təsvir və izah edə bilmirəm. Havalandırma olmadığı üçün iydən baş çatlayırdı.

Hovuz ətrafı o qədər sıxlıq idi ki, iynə atsan yerə düşməzdi. “Lejanka”lar arasındakı məsafə maksimum 50-60 santimetr olardı. Hovuz ətrafına və aquaparka nəzərdə tutulandan artıq sayda müştəri buraxılmışdı. Sıxlıq bir tərəfdən, isti, qəlyanın tüstüsü də bir tərəfdən…

İnsafən onu demək lazımdır ki, aquaparka nəzarət yaxşı idi. Təhlükəsizlik baxımından işə cəlb edilən şəxslər işinin öhdəsindən maksimum dərəcədə gəlməyə çalışırdılar. Lakin məsuliyyətsiz insanlar, əsasən də cavan oğlanlar qaydaları pozmaq, dombalaq aşmaq, gördükləri hər xanımın yanında salto vurmaq üçün sıraya düzülürdülər. Hovuza tullanmaq qadağan edildiyi halda hərə (əsasən də qrup şəklində gələn oğlanlar) bir tərəfdən qurbağa kimi suya sıçrayırdı.

Ərazidəki tualetlər bərbad, natəmiz və təmirsiz idi. Uzaq bölgələrə gedəndə yol kənarında, dağ dibində olan kafelərdəki tualetlər kimi…

Dediyim kimi, hotelə kənardan içki və qida gətirmək olmaz. İçəridəki qiymətlər isə heç də ucuz deyil. Şəhərdən azı 3-4 dəfə baha. Məsələn, marketdən alınan 1 manat 40 qəpiklik (330 ml) “Coca-cola” 4 manatdır. Həmçinin eyni ölçüdəki digər sərin içkilər də minimum bu qiymətədir. Təklif olunan “fast food”ların qiyməti də 2-3 dəfə bahadır. Məsələn, 3 ədəd “nuggets” və kartof qızartması 10 manat…

Qiymətləri haradasa qəbullanmaq olar. Çünki həftə sonları bütün istirahət mərkəzlərində vəziyyət belə olur.

Ödəniş isə dədə-baba qaydaları ilədir. Nağd və ya kartdan karta…

Ödəniş üçün terminal istəyəndə masanın üzərinə yapışdırılmış və “4169 73…”lə başlayan kart nömrəsi işarə edilir. Kassir xanımdan terminal istəyəndə o, üzünü turşudur və barmağı ilə yenidən kart nömrəsini göstərir. Karta ödəniş etdikdən sonra sənin telefonunda olan həmin ödəniş qəbzinin şəkli çəkilir və müdirə göndərilir. Axşam haqq-hesab etmək üçün…

Azərbaycanda əksər istirahət mərkəzlərində xidmət səviyyəsi bu vəziyyətdədir. Sadəcə seçim az olduğundan müştərinin çıxış yolu da qalmır… Xüsusi.Tv

Bu məqaləni paylaşın