Qızıl girovu, əməliyyat və qalmaqal: “Dəniz” Hospitalda hüquqi mübahisə❗

Qızıl girovu, əməliyyat və qalmaqal: “Dəniz” Hospitalda hüquqi mübahisə

Xüsusi.Tv xəbər verir ki, ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarının pozulması ilə bağlı narahatedici hallar davam edir. Bu dəfə qalmaqallı hadisə Bakının tanınmış tibb müəssisələrindən biri olan “Dəniz” Hospitalda baş verib.

Estetik əməliyyat üçün “Dəniz” Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı vətəndaş qeyri-adi və hüquqi baxımdan mübahisəli situasiya ilə üzləşdiyini bildirib. Onun iddiasına görə, əməliyyat üçün əvvəlcədən müəyyən məbləğdə ödəniş etsə də, çatışmayan 600 manat səbəbilə xəstəxana rəhbərliyi tərəfindən özünə məxsus 8.000 manatlıq qızıl-zinət əşyasını girov qoymağa məcbur edilib.

İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı şəxs Allahverdiyeva ilə qeyri-rəsmi “müqavilə” bağlayıb və bahalı qızılları cəmi 600 manat borc qarşılığında qəbul edib. Əməliyyat isə Sadiq adlı həkim tərəfindən həyata keçirilib.

Əməliyyatdan sonra çatışmayan məbləği ödəyən Ruhanə Allahverdiyeva qızıllarını geri almaq istədikdə isə şok cavabla qarşılaşıb – bildirilib ki, qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat kredit götürülüb.

Hazırda məsələ hüquqi müstəvidədir. Zərərçəkən qadın Binəqədi Rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət edib. Araşdırma başladılıb və fakt üzrə ilkin təhqiqat davam edir.

Məsələ ilk dəfə jurnalist Sima Babayeva tərəfindən şəxsi sosial media hesabında ictimailəşdirilib. Xatırladaq ki, bu cür qalmaqallar ölkəmizdə ilk dəfə yaşanmır. 2016-cı ildə də Araz Salmanov adlı cərrahla bağlı bənzər bir estetik əməliyyat qalmaqalı ölkə miqyasında geniş rezonansa səbəb olmuşdu.

Qeyd edək ki, hadisə ilə bağlı “Dəniz” Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir