Nizami rayonunda növbəti qanunsuz tikinti – səkilər zəbt olundu, çəkilişə maneə yaradıldı

Paytaxtın Nizami rayonu ərazisində qanunsuz tikinti halları ilə bağlı narahatlıq doğuran növbəti görüntülər yayılıb.

Xüsusi.Tv xəbər verir ki, bu dəfə söhbət Qara Qarayev metrostansiyası yaxınlığında, Şirin Mirzəyev küçəsində aparılan tikinti işlərindən gedir. Ərazidə aparılan işlər zamanı ictimai istifadə üçün nəzərdə tutulmuş səkilərin zəbt edildiyi açıq şəkildə müşahidə olunur.

Görüntülərdən də aydın olur ki, tikinti sahəsində hər hansı rəsmi məlumat lövhəsi mövcud deyil. Halbuki, qüvvədə olan qaydalara əsasən, hər bir tikinti sahəsində layihə, icazə sənədləri və sifarişçi barədə məlumatları əks etdirən lövhə yerləşdirilməlidir.

Ən narahatedici məqamlardan biri isə çəkiliş zamanı əməkdaşlarımıza qarşı yaradılan maneələr olub. Belə ki, ərazidə çalışan şəxslər çəkiliş aparılmasına icazə verməyib və tikintinin hüquqi əsaslarını təsdiq edən heç bir sənəd təqdim edə bilməyiblər.

İddialara görə, bu tikinti ilə bağlı müəyyən səlahiyyətli qurumların məlumatlı olduğu da bildirilib. Bu isə məsələni daha da ciddiləşdirir və suallar doğurur: əgər aidiyyəti qurumlar məlumatlıdırsa, niyə qanunsuzluğun qarşısı alınmır?

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Nizami Rayon İcra Hakimiyyətinin bu vəziyyətə münasibəti hələ də məlum deyil. İctimai əhəmiyyətli ərazilərdə – səkilərdə aparılan qanunsuz tikinti işlərinə niyə göz yumulur?

Cənab Prezident tərəfindən təyin olunan yerli icra strukturlarının məsul şəxsləri və digər səlahiyyətli qurumlar bu cür açıq qanun pozuntularına niyə operativ reaksiya vermir?

Mütəxəssislər bildirirlər ki, bu kimi hallar artıq sistemli xarakter almaqdadır və nəzarət mexanizmlərinin zəifliyindən xəbər verir. Səkilərin zəbt olunması isə təkcə şəhərsalma qaydalarının pozulması deyil, həm də piyadaların təhlükəsizliyinə birbaşa təhdiddir.

İctimaiyyət məsələ ilə bağlı operativ araşdırma aparılmasını, qanunsuz tikintinin dərhal dayandırılmasını və məsul şəxslərin cəzalandırılmasını gözləyir.

Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.