“Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə ölkəmizin vahid elektrik enerjisi sisteminə qoşulması layihəsi istiqamətində Cəbrayılda zəruri enerji infrastrukturu yaradılıb”.
Xüsusi.tv xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib.
O bildirib ki, 1000 meqavat ötürmə qabiliyyətinə malik 330 kV-luq Cəbrayıl-Ağbənd yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir:
“Növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur. Beləliklə, söhbət yalnız Azərbaycan və Türkiyə arasında yeni elektrik xəttindən getmir. Zəngəzur dəhlizi vasitəsilə bu layihə Xəzərin hər iki sahilində yerləşən Türk dövlətlərinin enerji sistemlərini birləşdirərək Mərkəzi Asiya, Azərbaycan, Türkiyə enerji körpüsünə çevriləcəkdir”.


