Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər iki dövlət başçısının rəhbərliyi və təşəbbüsü ilə formalaşan, həmçinin Şuşa Bəyannaməsində öz əksini tapan strateji müttəfiqlik münasibətlərinə dair bütün məsələləri nəzərdən keçiriblər.

Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, sərmayə qoyuluşu, enerji, nəqliyyat-logistika, müdafiə və təhlükəsizlik, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar daxilində fəaliyyətin əlaqələndirilməsi kimi istiqamətlərə toxunulub.

XİN başçıları institusional mexanizmlərin, o cümlədən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətini xüsusi vurğulayıblar.

Tərəflər həmçinin BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq, eləcə də regional qurumlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Regional təhlükəsizliyin təmin edilməsində, iqtisadi tərəqqidə və qarşılıqlı əlaqələrin gücləndirilməsində üçtərəfli və dördtərəfli formatların, xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Özbəkistan-Türkiyə platformalarının rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində son bir il ərzində əldə olunan irəliləyişlər, habelə dayanıqlı sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı istiqamətində atılan praktiki addımlar müzakirə mövzusu olub.