Azərişıq xalqı qaranlıqda qoydu – qaynar xətt işləmir, cavabdeh yoxdur!

Xüsusi.Tv xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 31A ünvanında yaşayan vətəndaşlardan gecə saatlarında ciddi narazılıq daxil olub.

8 avqust 2025-ci il tarixində saat 01:00-dan etibarən həmin ərazidə elektrik enerjisi tamamilə kəsilib. Problem təkcə işığın sönməsi ilə bitmir. Əsas narazılıq ondadır ki, vətəndaşlar “Azərişıq” ASC-nin 199 saylı qaynar xəttinə dəfələrlə zəng vursalar da, heç bir cavab ala bilməyiblər. Xətt ya məşğul olur, ya da ümumiyyətlə bağlanmır.

Bu vəziyyətdə insanlar saatlarla qaranlıqda, istidə, texnikasız qalıblar. Soyuducular, kondisionerlər, televizor, paltaryuyan və digər əsas cihazlar işləmədiyindən evlərdə həyat iflic olub. Kondisioner olmadığından yaşlılar, uşaqlar və xəstələr istidən haldan düşüb, nəfəs almaq mümkün deyil. Voltaj isə 220 deyil, xeyli aşağı səviyyəyə enib – bu da cihazların sıradan çıxması riskini artırır.İşıq problemi, istidə yaşanan əzablar, ərzaqların xarab olması, dərmanların təsir gücünü itirməsi – bunlar sadəcə texniki nasazlıq deyil, insanların həyatına birbaşa təhlükədir.

Sonda vətəndaşlardan biri birtəhər qaynar xəttə düşə bilir. Operatorla əlaqə zamanı verilən cavab isə şok effekti yaradır:> – Xanım, sizdə neçə operator var?– İki otağımız var. Hər otaqda da 7 operator oturur, yəni cəmi 14 nəfər.

Bəli, 10 milyondan çox əhalisi olan ölkədə “Azərişıq”ın cəmi 14 operatorla xidmət göstərməsi sadəcə biabırçılıqdır! Bu sayda əməkdaşla ölkə boyu gələn minlərlə zəngi necə cavablandırmaq mümkündür? Vətəndaşlara bu qədər laqeydlik hansı əsasa söykənir?

Hazırda Xüsusi.Tv-nin saytı və digər platformalar da fəaliyyətini dayandırıb. Səbəb – elektrik enerjisinin olmamasıdır. Təkcə bizim redaksiya deyil, müxtəlif media qurumları, bizneslər, vətəndaşlar – hər kəs zərər çəkir.

Bütün bu biabırçı vəziyyət fonunda Azərişıq ASC rəhbərliyindən heç bir açıqlama yoxdur. Sanki olanları görmürlər, eşitmirlər. Vətəndaşların səbrini sınağa çəkməkdən başqa izah yoxdur.

Xüsusi.Tv olaraq məsələni diqqətdə saxlayırıq və rəsmi qurumlardan dərhal açıqlama və tədbir gözləyirik.

Baş redaktor: Asim Abdullayev

Qaynar Xətt: ☎️ 050-548-38-65

📍 Məlumat və şikayətlər üçün 24/7 açıq xətt.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir