Xüsusi.Tv xəbər verir ki, Azərbaycan kinosunun canlı əfsanəsi, Xalq artisti Rasim Balayev bu gün 77 yaşını qeyd edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olan sənətkar, 1948-ci ilin bu günündə Ağsu rayonunda dünyaya gəlib. O, 50 ildən artıq sənət həyatı boyunca bir-birindən fərqli və dərin obrazlarla tamaşaçıların qəlbində silinməz iz buraxıb.
Rasim Balayevin aktyor kimi ən yadda qalan rolları “Nəsimi”, “Dədə Qorqud” və “Babək” kimi milli kino tariximizin şah əsərlərindəki çıxışlarıdır. O, yalnız ekran obrazları ilə deyil, həm də sənətə olan sədaqəti və ziyalı duruşu ilə tanınır.
Sənətkarın yaradıcılığı dövlət səviyyəsində də yüksək qiymətləndirilib. O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” və 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub.
Xüsusi.Tv kollektivi olaraq sevimli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və uzun ömür arzulayırıq!








