Biləsuvarda baş vermiş ağır qəzada həlak olan ata və körpə qızının görüntüləri yayılıb.
Xüsusi.Tv həmin fotoları təqdim edir:


Qeyd edək ki, qəzada ölən 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbində informatika müəllimi işləyirdi.
11 avqust, 23:30
Biləsuvarda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi VAZ-2115 markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində VAZ-2115-də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb.
Həmçinin “Mercedes-Benz”də olan sərnişinlər – 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib.
Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11 avqust, 22:18
“Avqustun 11-də saat 19 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.
Bu barədə Xüsusi.Tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.
“1961 və 1975-ci il təvəlüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəlüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir”, – məlumatda deyilir.
2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə yerində ölən atanın meyiti aidiyyəti üzrə təhvil verilib.
11 avqust, 21:12
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xüsusi.Tv xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili ilə VAZ-21015 markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.







