Teleaparıcı Aytən Səfərovanın yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Xüsusi.Tv Patrulaz.az-a istinadən xəbər verir ki, ötən ilin aprelində Aytən Səfərovanın idarə etdiyi “Hyundai Accent” markalı avtomobil ilə “Hyundai İX-35” markalı avtomobilin toqquşması nəticəsində Ayxan Əliyev adlı gənc vəfat etmişdi.
Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmaları zamanı qəzanın hər iki tərəfin – “Hyundai İX-35” sürücüsü İsmayıl Məmmədov və teleaparıcı Aytən Səfərova təqsiri olduğu müəyyən edilib.
Məlum olub ki, 19 yaşlı İsmayıl Məmmədov 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarını pozaraq ikinci zolaqdan və qırmızı işıqda dönüb. Aytən Səfərova isə sürət həddini aşmaqla yanaşı, hadisə zamanı sürücülük hüququ olmadan avtomobili idarə edib. Yəni, hadisə baş verən zaman onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıb.
Hadisə zamanı dünyasını dəyişən Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb.
Məhkəmə İsmayıl Məmmədova 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza kəsib. Aytən Səfərova barəsində isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (yol hərəkəti qaydalarını pozmaq, sürücülük hüququ olmadan idarəetmə və ehtiyatsızlıqdan ölümə səbəb olmaq) ilə cinayət işi başlanıb.




