Müasir iş mühiti çox vaxt insanlardan yüksək performans, sürətli qərarvermə və fasiləsiz məhsuldarlıq tələb edir. Azərbaycanda da, xüsusilə böyük şəhərlərdə yaşayan və ofis şəraitində işləyən insanlar bu təzyiqi hər gün hiss edirlər. Uzun iş saatları, qeyri-sabit iş qrafikləri, istirahət günlərində belə “onlayn” qalmaq məcburiyyəti və maddi-sosial təzyiqlər nəticəsində bir çox insan tükənmişlik sindromu ilə üzləşir.
Xüsusi.Tv məlumat verir ki, tükənmişlik sindromu təkcə yorğunluq deyil. Bu, emosional, psixoloji və bəzən də fiziki enerjinin tükənməsi halıdır. Əlamətləri arasında motivasiyanın itməsi, işə qarşı laqeyd münasibət, davamlı narahatlıq, yuxu problemləri və hətta immun sisteminin zəifləməsi var. Azərbaycanda xüsusən gənc mütəxəssislər və orta yaşlı kadrlar arasında bu hal getdikcə daha çox müşahidə olunur.
Məsələ ondadır ki, bizdə çox işləmək hələ də fədakarlıq və uğur göstəricisi kimi qəbul edilir. Halbuki fasiləsiz işləmək məhsuldarlığı artırmır, əksinə, uzunmüddətli ziyan vurur. İş mühitində psixoloji dəstək mexanizmlərinin zəif olması, rəhbərlərin əməkdaşların emosional vəziyyətinə biganə yanaşması və iş-həyat balansının qorunmaması problemi daha da dərinləşdirir.
Mütəxəssislər bildirir ki, tükənmişliyin qarşısını almaq üçün iş yerlərində sağlam iş mühiti formalaşdırılmalı, işçilərə bərpa üçün kifayət qədər vaxt verilməli və psixoloji dəstək imkanları yaradılmalıdır. Yoxsa, tükənmiş işçi nə işdən, nə də həyatdan zövq ala bilir.




