Azərbaycan stomatologiya sahəsində peşəkarlığı və pasiyent məmnunluğunu əsas prioritet seçən mütəxəssislərdən biri də stomatoloq-ortodont Fatimə Əlifağa qızı Səmədovadır. Uzunillik təcrübəsi, beynəlxalq təhsil keçmişi və daim yenilənən tibbi bilikləri ilə Fatimə xanım bu gün yüzlərlə pasiyentin sağlam və estetik gülüşə qovuşmasına töhfə verir.
Fatimə Səmədova 2008-ci ildə Gürcüstan Elm və Təhsil Nazirliyində rəsmi qeydiyyatdan keçmiş Heydər Əliyev adına Gürcüstan–Azərbaycan Tədris Universitetinin Stomatologiya fakültəsinə daxil olub. O, 2014-cü ildə ali təhsilini çox yaxşı göstəricilərlə başa vuraraq həkim-stomatoloq ixtisasına yiyələnib. Təhsil illərində ixtisasını ingilis dilində alması onun beynəlxalq tibbi ədəbiyyat və müasir metodlarla yaxından tanış olmasına geniş imkan yaradıb.
2014–2015-ci tədris ilində Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində internatura keçən Fatimə xanım, 2016-cı ildən etibarən müxtəlif stomatoloji klinikalarda ortodont-stomatoloq kimi fəaliyyət göstərir.
O, diş-çənə sisteminin inkişaf anomaliyalarının, anatomik və funksional pozğunluqların müasir üsullarla profilaktikası və müalicəsi ilə məşğul olur. Uşaq və böyüklərdə diş sıralarının düzülüşünün bərpası, malokluziya növlərinin aradan qaldırılması, düzgün çənə inkişafının təmin edilməsi Fatimə Səmədovanın əsas ixtisaslaşma sahələrindəndir.
Müasir tibbin tələblərinə uyğun olaraq, Fatimə xanım daim öz üzərində işləyir. O, ölkəmizdə 50-dən artıq xarici mütəxəssisin iştirakı ilə keçirilən “üz-çənə odontogen iltihabi xəstəlikləri”, “çənə ətrafı abseslər”, “malokluziya növləri” və digər mövzularda seminar və konfranslarda iştirak edərək müvafiq sertifikatlara yiyələnib.
Pasiyentlər tərəfindən yüksək etimad qazanan stomatoloq Fatimə Səmədova, hər bir xəstəyə fərdi yanaşması, diqqətli müayinəsi və nəticəyönümlü müalicə üsulları ilə seçilir. Onun əsas məqsədi yalnız sağlam dişlər deyil, eyni zamanda pasiyentin özünə inamını artıran estetik və sağlam gülüş formalaşdırmaqdır.
Bu gün Fatimə Səmədovanın adı peşəkarlıq, məsuliyyət və tibbi etikaya sadiqlik anlayışları ilə birgə çəkilir. Səhiyyə sahəsində öz həyatını insanlara xidmətə həsr edən həkimlər sırasında onun fəaliyyəti xüsusi nümunə kimi dəyərləndirilir.





