Əsgər Yusif oğlu Ağazadənin anası Musavat.com redaksiyasına müraciət edərək oğlunun Zümrüd Yağmur tərəfindən şərləndiyini iddia edib.
Ana bildirir ki, 4 il 2 aydır oğlu günahsız yerə həbsdə saxlanılır və bu müddət ərzində iş obyektiv və hərtərəfli araşdırılmayıb.
Müraciət müəllifinin sözlərinə görə, cinayət işi təkcə şəxsi böhtanla məhdudlaşmır. O iddia edir ki, prosesdə vaxtilə ölkədə fəaliyyət göstərmiş bəzi feminist və LGBT fəalları, təşkilatları da rol oynayıb. Ana bu kontekstdə mediada səsləndirilmiş və indiyədək tam araşdırılmamış iddiaları xatırladır.
Müraciətdə diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, həmin təşkilatların və fəalların arxasında yüksəkvəzifəli şəxslərin, o cümlədən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dayandığına dair iddialar mövcuddur.
Ana bildirir ki, bu mövzuda zaman-zaman mediada yazılar dərc edilsə də, məsələ heç vaxt açıq və hüquqi müstəvidə araşdırılmayıb.
Xüsusilə Zümrüd Yağmurun Ramiz Mehdiyevdən aylıq maddi dəstək aldığına dair iddiaların mövcud olduğunu vurğulayan müraciət müəllifi bu məsələnin araşdırılmasını tələb edir:
“Bircə bildiyim var ki, Zümrüd Ramiz Mehdiyevdən hər ay pul alırdı. Bu iddialar araşdırılsın. Əgər sübut varsa, ortaya qoyulsun. Yoxdursa, hamı bilsin”.
Ana hesab edir ki, səsləndirilən iddialar son dərəcə ciddidir və mütləq hüquqi qiymət almalıdır. Onun fikrincə, belə əlaqələrin mövcud olub-olmaması və hansı məqsədlərə xidmət etməsi yalnız istintaq və açıq araşdırma yolu ilə müəyyən edilə bilər.
Müraciətin sonunda ana redaksiyaya çağırış edir:
“Sizə yalvarıram, bu işi işıqlandırın. Qoy cəmiyyət həqiqəti bilsin. Bəlkə günahsız yerə həbsdə yatan Əsgərin taleyi dəyişər”.
Musavat.com qarşı tərəflərin mövqeyini dərc etməyə hazırdır.
Musavat.com




