Xüsusi.Tv xəbər verir ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV ilə əməkdaşlığını dayandırıb. Onun təqdim etdiyi verilişin gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacağı bildirilir.
Məlumata görə, proqramda Toliki Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir. Bildirilir ki, “Tarixin bir günü” adlı verilişin adında da dəyişiklik edilə bilər.
Qeyri-rəsmi məlumatlarda qeyd olunur ki, dəyişiklik qərarı son dövrlər sosial şəbəkələrdə və efirdə səsləndirilən bəzi fikirlər ətrafında yaranan müzakirələrdən sonra verilib. Xüsusilə müğənni Səidə Sultan ilə yaşanan fikir ayrılığı və qarşılıqlı açıqlamalar ictimai müzakirələrə səbəb olmuşdu. Bununla bağlı müxtəlif platformalarda fərqli mövqelər səsləndirilmişdi.
Eyni zamanda, məlumatlara əsasən, monitorinqlərdən sonra digər bəzi proqramlarla bağlı da qərarlar verilib. Bildirilir ki, aparıcı Elgiz Əkbərin proqramının yayımı dayandırılıb. Qərarların televiziya yayım prinsipləri və etik normalar çərçivəsində qəbul edildiyi qeyd olunur.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların və adıçəkilən şəxslərin mövqeyi açıqlanmayıb.




