Xüsusi.Tv xəbər verir ki, Bakıda fəaliyyət göstərən German Hospitalin bağlanacağı ilə bağlı məlumatlar yenidən gündəmə gəlib.
İddialara əsasən, son aylarda tibb müəssisəsinin fəaliyyəti zəifləyib və əməkdaşlara martın 1-dən etibarən klinikanın fəaliyyətini dayandıracağı bildirilib.
Məsələ ilə bağlı Modern.Az saytının sorğusuna cavab olaraq klinika tərəfindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rəsmi açıqlamada qeyd olunub ki, tibb müəssisəsi fəaliyyətini davam etdirir və əməkdaşlar iş başındadır.
Xatırladaq ki, ötən il də klinikada bəzi həkim və əməkdaşların işdən ayrılması, eləcə də bir neçə şöbənin fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılmışdı. Eyni zamanda, müəssisənin adı müxtəlif araşdırma materiallarında hallanmışdı.
Mediada yayılan məlumatlarda klinikanın Ramiz Mehdiyevin ailə üzvləri ilə əlaqəli olduğu iddia edilir. Bildirilir ki, müəssisə sabiq deputat İlham Əliyevlə əlaqələndirilir. Lakin bu məlumatlarla bağlı rəsmi təsdiqlənmiş açıqlama mövcud deyil.
Hazırda klinikanın bağlanması ilə bağlı rəsmi qərar yoxdur və müəssisə normal fəaliyyətini davam etdirdiyini bildirir.
Mənbə: Modern.Az




