Azərbaycan idmanının, xüsusilə boksunun gələcəyi hesab edilən gənc idmançı Əmirxanlı Baqir Şahin oğlunun üzləşdiyi vəziyyət idman sistemində ciddi suallar doğurur. 2008-ci il təvəllüdlü Əmirxanlı Baqir əslən Xocəvənd rayonunun Qaradağlı kəndindəndir. 7 ildir boksla məşğuldur. O, indiyədək 4 dəfə Azərbaycan çempionu, 2022-ci ildə Türkiyənin Ərzurum şəhərində keçirilən Avropa birinciliyinin bürünc mükafatçısı, 2024-cü ildə Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirinin qalibi olub. 2025-ci ilin yanvarında isə gənclər arasında keçirilən Azərbaycan birinciliyində 60 kq çəki dərəcəsində 36 nəfər arasında 6 rəqibinə qalib gələrək çempion adına layiq görülüb. Belə nəticələr qazanan bir idmançının yığmadan kənarlaşdırılması isə sadəcə idman prinsiplərinə yox, həm də dövlətin idmana ayırdığı diqqətə qarşı hörmətsizlikdir.
İddiaya görə, boks üzrə gənclər yığmasının baş məşqçisi Elbrus Rzayev şəxsi maraqlarını üstün tutaraq, öz yetirməsi Babayev Sübhanı beynəlxalq yarışlara aparmaq niyyətindədir. Bu məqsədlə isə real çempion olan Əmirxanlı Baqir yığmadan uzaqlaşdırılıb. Üstəlik, baş məşqçi gənc idmançını digər uşaqların qarşısında psixoloji təzyiqə məruz qoyaraq məşqdən kənarlaşdırıb. Belə davranış nə idman etikasına, nə də pedaqoji prinsiplərə sığır.
Azərbaycan Boks Federasiyasının qaydalarına görə, təlim-məşq toplanışları zamanı idmançılar qalmaq və yeməklə təmin olunmalıdır. Lakin Elbrus Rzayevin şəxsi təşəbbüsü ilə təşkil edilən toplantılar qeyri-rəsmi xarakter daşıyıb. İdmançılar nə qalacaq yer, nə də qida ilə təmin olunub. Sumqayıtda məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Əmirxanlı Baqir maddi çətinliklər səbəbindən məşqlərə gedib-gəlməkdə böyük əziyyət çəkib. Üç gün məşqlərə qatıla bilməyən idmançı dərhal hədəfə çevrilib və bu bəhanə ilə yığmadan uzaqlaşdırılıb. Bu isə açıq-aşkar qərəzli yanaşmadır.
Azərbaycan çempionu olmuş bir gənc təlim-məşq toplanışına buraxılmır, amma heç bir uğur qazanmayan idmançılar siyahıya salınır. Sual yaranır: baş məşqçiyə bu səlahiyyəti kim verib? Onun arxasında duranlar kimlərdir ki, milli idmanı şəxsi mənafelərinə qurban verir?
Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və dəstək hər kəsə məlumdur. Dövlətin yaratdığı imkanlardan şəxsi mənafeyi üçün istifadə edənlər isə Azərbaycan idmanına xəyanət etmiş olur. Əgər bu cür hallar nəzarətsiz qalarsa, Azərbaycan idmanı gələcəyini itirəcək. Çünki bu gün Əmirxanlı Baqir, sabah isə başqa istedadlı gənclər şəxsi maraqlara qurban gedə bilər.
Məsələni ictimailəşdirən şəxs – Əmirxanlı Baqirin babası Əmirxanov Güloğlan Ənbər oğludur. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı və 93 gün erməni əsirliyində qalmış bir şəxsdir. Onun sözlərinə görə, belə perspektivli bir idmançının yığmadan uzaqlaşdırılması həm dövlətə, həm də xalqa xəyanətdir.
Boks yığmasının baş məşqçisinin şəxsi maraqlar naminə qərar verməsi qəbuledilməzdir. Bu cür hallar dərhal araşdırılmalı, ədalətli qərar verilməlidir. Patrulaz.az redaksiyası olaraq bildiririk ki, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev bu haqsızlıqlardan xəbərsizdir, çünki belə hallar ondan gizlədilir. Sahil Babayev işində çox ciddi, prinsipial mövqeyi ilə seçilən dövlət məmurudur və bu cür hallara qarşı çıxan bir şəxsdir.
Gələcəyin Avropa və dünya çempionları ola biləcək gəncləri qərəzli münasibətlə sıradan çıxarmaq dövlətin idman siyasətinə açıq sabotajdır. Bu məsələ ictimaiyyətin və aidiyyəti qurumların diqqət mərkəzində olmalıdır.




