Paytaxtın Qara Qarayev prospekti, Bəkir Çobanzadə küçəsi ərazisində yerləşən yaşayış binasının sakinləri “Bolt Avtopark 116” adlı obyektin fəaliyyəti ilə bağlı narazılıq edirlər.
Patrul.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən obyekt taksi fəaliyyəti üçün avtomobilləri icarəyə verir və həmin avtomobillər bina sakinləri üçün nəzərdə tutulmuş park sahəsində saxlanılır.
Onlar bildirirlər ki, nəticədə öz avtomobillərini saxlamağa yer tapa bilmirlər. Gün ərzində ərazidə 15–20-yə yaxın avtomobilin park edildiyi qeyd olunur.
Sakinlər məsələ ilə bağlı obyektin işçilərinə irad bildirdikdə “bu, rəhbərliyin göstərişidir” cavabını aldıqlarını deyirlər. Lakin obyektin məsul şəxsi ilə əlaqə saxlamağın mümkün olmadığını vurğulayırlar.
Şikayətçilər həmçinin bildirirlər ki, yolun digər tərəfində boş park sahəsi mövcud olsa da, icarəyə verilən avtomobillər məhz bina sakinlərinə aid hissədə saxlanılır.
Sakinlər ümid edirlər ki, müvafiq qurumlar məsələ ilə bağlı tədbir görəcək.
Patrul.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.




