
Bir müddət əvvəl vətədaşların saxta içkilər satması ilə bağlı şikayət etdiyi restoran yenidən gündəmə gəlib. Belə ki, AQTA-nın 2025-ci ildə saxta alkoqollu içkilərlə bağlı yoxlama apardığı “By Muxtar” indi Xalq artisti Könül Xasıyevanın çıxışı, sosial şəbəkələrdə yayılan görüntülər və rəhbərliyin jurnalistlərə ünvanladığı iradlarla müzakirə mövzusuna çevrilib.
Bakıda fəaliyyət göstərən “By Mukhtar Restoran & Pub” ətrafında son günlər yaranan müzakirələr bir sıra sualları aktuallaşdırıb. Söhbət yalnız Xalq artisti Könül Xasıyevanın sözügedən məkanda səhnəyə çıxmasından getmir. Müəssisənin əvvəlki fəaliyyəti, qida təhlükəsizliyi ilə bağlı aşkarlanmış faktlar və əyləncə proqramlarının xarakteri də diqqət çəkir.
Qida Təhlükəsizliyi Agentliyinin 8 yanvar 2025-ci il tarixli rəsmi məlumatında bildirilirdi ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 2404 ünvanında yerləşən “By Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı “Absolute”, “Finlandia” və “Jameson” markalı alkoqollu içkilərdə saxtalaşdırılma əlamətləri aşkarlanıb.
Agentliyin məlumatına görə, bəzi şüşələrin qablaşdırma folqası kustar üsulla ikinci dəfə yapışdırılmışdı. Həmin məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər də yoxlamaya təqdim edilməmişdi.
AQTA şübhəli içkilərin satışını dayandıraraq laborator müayinəyə göndərmişdi.
Bu fakt qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Çünki söhbət insanların istehlak etdiyi alkoqollu məhsulların mənşəyi və təhlükəsizliyindən gedir. Hətta məkanda bəzi müştərilər post terminal olmadığını və masadarlar tərəfindən pulu kartdan karta göndərilməsini müştərilərdən istənildiyi də bildirildi.
Bununla belə, Agentliyin açıqlamasında restoranın fəaliyyətinin bağlandığı deyil, konkret məhsulların satışının dayandırıldığı qeyd olunub.
Məkanın ətrafında yaranan müzakirələrin digər istiqaməti burada təşkil olunan əyləncə proqramlarıdır.
Sosial şəbəkələrdə yayılan görüntülər və media materiallarında müxtəlif müğənnilərin səhnə çıxışları, açıq geyimdə təqdim olunan şou proqramları müzakirə edilir.
Məkanın öz rəsmi təqdimatında da canlı səhnə, bar, DJ gecələri və əyləncə proqramları əsas fəaliyyət istiqamətləri kimi göstərilir.
Burada əsas məsələ hər hansı sənətçinin geyiminə və ya səhnə çıxışına şəxsi münasibət bildirmək deyil. İctimaiyyət üçün maraqlı olan sual bu cür proqramların hansı formatda təşkil edilməsi, müəssisənin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğu və müvafiq nəzarət mexanizmlərinin necə işləməsidir.
Noyabrın 18-də Xalq artisti Könül Xasıyevanın “By Mukhtar”da muğam ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bir qrup istifadəçi xalq musiqisinin və muğam sənətinin belə əyləncə məkanında təqdim edilməsini uyğun hesab etmədiyini bildirib. Digər tərəfdən, sənətçinin harada çıxış etməsinə özü qərar vermək hüququnu müdafiə edənlər də olub.
Könül Xasıyeva isə tənqidləri normal qarşıladığını və hər kəsin öz fikrini ifadə etmək hüququnun olduğunu bildirib.
Məsələ ilə bağlı məkan rəhbərliyi də açıqlama yayıb. Rəhbərlik müəssisənin gecə klubu deyil, restoran olduğunu, burada canlı musiqi proqramlarının keçirildiyini vurğulayıb. Həmçinin Könül Xasıyevanın noyabrın 24-də yenidən səhnəyə çıxacağını açıqlayıb.
Müzakirələrin diqqət çəkən məqamlarından biri də məkan rəhbərliyinin media nümayəndələrinə ünvanladığı açıqlamadır.
Sahibkar xəbər saytlarının rəhbərlərinə müraciət edərək başlıqlara diqqət yetirilməsini, reytinq naminə reallığı əks etdirməyən məlumatların yayılmamasını istəyib.
Əlbəttə, hər bir sahibkar öz biznesi haqqında yayılan məlumatlara münasibət bildirmək və yanlış hesab etdiyi informasiyaya etiraz etmək hüququna malikdir.
Lakin ictimai maraq doğuran məsələlərin araşdırılması jurnalistlərin peşə vəzifəsidir. Media nümayəndələrinə hansı mövzuları araşdırmalı olduqlarını diktə etmək əvəzinə, ortaya qoyulan suallara faktlarla cavab vermək daha məqsədəuyğun yanaşma olardı.




