Azərbaycanda son zamanlar dilənçilərin iştirakı ilə baş verən oğurluq və digər qanun pozuntuları halları artıb. Müxtəlif mağazalarda mütəşəkkil dəstə şəklində oğurluqlar edilir, avtomobil hərəkətinin sıx olduğu yollarda dilənçiliklə məşğul olanlar qəzalı vəziyyətlərin yaranmasına səbəb olurlar. Hətta bəzi yeniyetmə dilənçilər isə az qalır ki, pul xətrinə avtomobillərə oturub dilənçilik etsin.
Bəzən isə pul verməyən vətəndaşlara qarşı təzyiq və aqressiya da nümayiş etdirirlər.
Bu gün isə sosial şəbəkələrdə yayılan kadrlarda təcili tibbi yardım avtomobilinin keçməsinə baxmayaraq, dilənçilərin bəy avtomobilinin önünü kəsməsinin də şahidi olduq.
Bəzilərimiz az-çox məhələlərdə əlində kəsici alətlərlə bir-birlərini qovalayan dilənçiləri də görmüşük.
Bütün bu hallara baxmayaraq, dilənçilərin qeyd edilən əməllərinə qarşı ölkədə hələ də əsaslı tədbirlər görülmür. Maraqlıdır ki, hansı səbəbdən bu şəxslərin törətdiyi hüquq pozuntularına görə tətbiq edilən cəza adi vətəndaşlara nisbətən daha yüngül olur?
Bu məsələnin hüquqi tərəfləri barədə Patrulaz.az-a açıqlama verən vəkil Ramil Vəliyev bildirib ki, dilənçilər sosial cəhətdən həssas təbəqəyə aid olduqlarından, onların törətdikləri qanun pozuntularına görə cəza deyil, daha çox sosial müdaxilə tətbiq olunur. Lakin bəzi hallarda tutduqları əməlin ağırlığına görə də onlar cinayət məsuliyyətinə cəlb oluna da bilər:
“Azərbaycan qanunvericiliyində “dilənçilik” ayrıca cinayət tərkibi və inzibati xəta kimi nəzərdə tutulmayıb.
Azərbaycan və bir çox Avropa ölkələrində dilənçilik sosial problem kimi qəbul edilir, cinayət deyil. Dövlət bu şəxslərin çoxunu yoxsulluq, əlillik, işsizlik kimi səbəblərlə əlaqələndirir və onlara qarşı “cəza” yox, “sosial müdaxilə” tətbiq etməyə üstünlük verir.
Sosial müdafiə məqsədi-Dilənçilərin əhəmiyyətli hissəsi sosial cəhətdən həssas təbəqələrə aiddir. Onlara qarşı sərt cinayət cəzası tətbiq etmək beynəlxalq insan hüquqları standartlarına zidd hesab olunur. Yalnız dilənmək faktı ilə zərərçəkmiş yoxdur. Oğurluq, dələduzluq, fiziki təzyiq kimi hallar olarsa, o zaman artıq Cinayət Məcəlləsinin müvafiq maddələri (məsələn, CM 177 – oğurluq, CM 178 – dələduzluq, CM 221 – xuliqanlıq) tətbiq edilir. Amma bu hallar sübuta yetirilməlidir. Dilənçilər çox zaman yerdəyişmə edir, şəxsiyyətlərini gizlədir və ya azyaşlıları vasitə kimi istifadə edirlər. Bəzi hallarda dilənçilik arxasında “mütəşəkkil dəstələr” dayanır. Amma bu halların aşkarlanması üçün əməliyyat məlumatı və sübut bazası tələb olunur.
Qanunvericiliyin sərtləşdirilməsi: Mütəşəkkil şəkildə və ya azyaşlılardan istifadə etməklə dilənçilik edənlər üçün cinayət məsuliyyəti nəzərdə tutula bilər”.
Azərbaycan cəmiyyətinin kövrək ürəyindən istifadə edib, dilənçiliklə məşğul olmaqla asan yolla pul qazananların ölkəmizdə yaratdığı sosial problemlər barədə Patrulaz.az-a digər ekspert-sosioloq Üzeyir Şəfiyev öz fikrini bölüşüb.
Sosioloq müşahidələri əsasında Türkiyə cəmiyyətində dilənçilərə göstərilən münasibətlə Azərbaycan cəmiyyətini müqayisə edərək bildirib ki, qardaş ölkədə insanların rahat yolla pul qazanmasının qarşısını cəmiyyət özü alır:
“Azərbaycanda “ələbaxımlıq edib” insanların asayişini pozan, ictimai məkanlarda nəqliyyatın hərəkətinə mane olan hallar da var. Bu hallarının qarşısını almaq üçün cəmiyyət olaraq “yox” deməliyik. Cəmiyyət dilənən insanlara pul verməməyə çalışmalıdır ki, onlarda “ələbaxımlılıq” formalaşmasın. Misal olaraq, Türkiyədə olduğum zaman, dilənçilərə pul verilməsinə yaxşı baxılmadığını müşahidə etdim. Çünki, bu insanlarda “ələbaxımlılıq” psixologiyasını formalaşdıraraq pis vərdişin yaranmasına səbəb olur. Bütün bunlar da cəmiyyətin sosial xarakterinə mənfi təsir göstərir. Bir sözlə, Türkiyədə cəmiyyət özü dilənçiliyin qarşısını alır. Yaxşı olardı ki, Azərbaycan cəmiyyəti də dilənçilərə pul vermək vərdişini tərgitsin”.
Ü.Şəfiyev bildirib ki, cəmiyyətimizə başqa mühitdən gələn dilənçilərin sosial mühitə vurduğu təsirlərin qarşısı həm cəmiyyət, həm də dövlət birgə tədbirlər görməklə alınmalıdır:
“Əslində dilənçilər bizim cəmiyyətimizə kənardan gəliblər. Yəni, bizim cəmiyyətdə “dilənmək psixologiyası” olmayıb. Başqa ölkələrdən gələn bir qrup insanlar bunu ölkəmizdə yayıblar. Bu gün isə onlar cəmiyyəti ikrah olunacaq bir vəziyyətə salıblar. Hüquq-mühafizə orqanları bunların qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Bu tədbirlər də davamlı olaraq həyata keçirilməlidir. Cəmiyyət olaraq da biz bu hallara qarşı mübarizə aparmalıyıq. Ən azından biz dilənçiləri “ələbaxım psixologiyası”na öyrətməməyə çalışmalıyıq. Bir sözlə, dilənçiliyin peşə halına çevrilməsi sosial animiyaya səbəb olur. Biz bu hallara qarşı mübarizə aparmalıyıq. Onlara pul verən insanları da gördükdə, qınamalıyıq ki, belə əməllərlə dilənçiləri həvəsləndirməsinlər. Dövlətin hüquqi-mühafizə orqanlarının da bu istiqamətdə apardığı mübarizəni dəstəkləməli, özümüz də belə neqativ hallara qarşı mübarizə aparmalıyıq”.
Qeyd edək ki, hər bir ölkənin cəmiyyətində dilənçiliklə məşğul olan insanlar yaşayır. Lakin burada əsas məsələ dilənmək deyil, bu fəaliyyəti həyata keçirərkən, ictimai asayişi pozmamaqdır.




