Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.
Xüsusi.tv”Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi, o cümlədən Keşikçidağ (Qareci) monastırı və ətraf ərazi ilə bağlı məsələlər müzakirə olunub.
Məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib.
Baş nazir qeyd edib ki, tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.
“Son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli irəliləyiş əldə etmək istəyirik. Razılığa gəlinməyən hər bir hissəni dostcasına müzakirə etməliyik. Təxminən 15 belə hissə var və onların hamısı üzrə fəal işləməliyik”, – İ.Kobaxidze bildirib.
Hökumət başçısı vurğulayıb ki, əsas məqsəd məsələnin prinsipial həllinə nail olmaqdır və bunun üçün sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması vacibdir.
O, Azərbaycan tərəfinin prosesin sürətləndirilməsi ilə bağlı müraciətə müsbət və səmimi yanaşma nümayiş etdirdiyini də qeyd edib.




