“Hakan Ustaa SHEFZadə” ilə bağlı iddialar

Xüsusi.Tv xəbər verir ki, paytaxtın 20 Yanvar metrosu ətrafında fəaliyyət göstərən bəzi iaşə obyektlərində posterminalların olmaması ilə bağlı narazılıqlar artmaqdadır.

Müştərilərin bildirdiyinə görə, hesab ödənilərkən posterminal tələb olunduqda onlara daha çox “kartdan-karta köçürmə edə bilərsiniz” cavabı verilir. Posterminalın niyə mövcud olmadığı ilə bağlı suallara isə “obyekt yenidir”, “cihaz digər filialdadır” və ya “hazırda işləmir” kimi izahlar verildiyi iddia olunur.

Oxşar hallar 20 Yanvar dairəsi yaxınlığında yerləşən bəzi obyektlərdə də müşahidə edildiyi bildirilir. İddialarda adı hallanan məkanlardan biri də “Hakan Ustaa SHEFZadə” restoranıdır. Qeyd olunur ki, burada və ətrafdakı bəzi digər obyektlərdə ödənişlərin əsasən kartdan-karta köçürmə yolu ilə qəbul edildiyi bildirilir.

Məsələ ilə bağlı səsləndirilən iddialara görə, bəzi sahibkarlar gündəlik dövriyyənin rəsmi uçotdan kənarda qalması üçün bu üsula üstünlük verə bilərlər. Lakin bu iddialarla bağlı rəsmi qurumların açıqlaması mövcud deyil.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, nağdsız ödənişlərin təşviqi və şəffaflığın artırılması məqsədilə bir sıra sahibkarlıq subyektləri üçün posterminalların quraşdırılması tələb olunur. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi maraq doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir