Putin bununla növbəti dəfə Trampı alçaldır… Özü başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır…
Donald Trampın Vladimir Putinlə növbəti “Ukrayna bazarlığına” göndərdiyi, diplomatiyaya və geosiyasətə heç bir aidiyyatı olmayan “dost-kürəkən” cütlüyü – Stiven Uitkoff və Cared Kuşner, belə demək mümkünsə, Kremldən əliboş qayıdırlar. Bunu Rusiya və ABŞ tərəfinin ilkin açıqlamalarından aydın görmək olar…
Yenixeber.org: Təxminən beş saat davam edən görüşdən sonra Putinin köməkçisi Yuri Uşakov deyib ki, ABŞ və Rusiya hələ də Amerika “sülh planında” ərazi məsələsinə aid kompromis tapmayıblar(Guya Rusiyanı maraqlandıran məhz ərazidir). Uşakovun sözlərinə görə, “ərazi məsələləri də qaldırılıb…
Ukrayna üçün hələlik heç bir kompromis planı yoxdur və bəzi Amerika təklifləri Rusiya üçün qəbuledilməzdir”. Əslində, bununla da “danışıqlar”, “Tramp planı” və sair söz-söhbətlərə nöqtə qoymaq olardı. Ancaq göründüyü kimi, Trampa danışıqlar, sülh prosesi görüntüsü yaratmaq, Putinə isə bu oyunda iştirak edərək vaxt qazanmaq lazım olduğundan tərəflər “nə hə, nə də yox” prinsipi ilə prosesi yuzatmaqla məşğuldurlar. Buna görə də, Uşakov hansı “ərazi təkliflərinin” müzakirə olunduğunu deməyib, dəqiqləşdirməyib. Əvəzində, qeyd edib ki, Rusiya “bəzi şeylərlə razılaşmağa hazırdır, lakin tənqidə səbəb olan aspektlər də var”.

Uşakovun sözlərinə görə, “bəzi” Amerika təklifləri Rusiya üçün məqbuldur. O, Uitkoff və Kuşnerlə söhbəti “faydalı və konstruktiv” adlandırıb. Lakin tərəflərin Ukraynadakı böhranın həllinə doğru “nə yaxınlaşdığını, nə də irəlilədiyini” deyib. Onun dediyinə görə, görüşdən sonra Rusiya və ABŞ danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər.
Uşakovun sözlərinə görə, hazırda Amerika və Rusiya prezidentləri arasında görüş planlaşdırılmır. Uşakov bildirib ki, Trampın ilkin 28 maddəlik planına əlavə olaraq, Moskva daha dörd sənəd alıb.
“Təbii ki, biz amerikalı həmkarlarımızla həmin layihələrin məzmununu, amerikalıların bir müddət əvvəl Moskvaya təqdim etdiyi sənədləri müzakirə etdik. Biz bu sənədləri nəzərdən keçirdik və konkret ifadələri və ya konkret təklifləri deyil, bu Amerika sənədlərində olanların mahiyyətini müzakirə etdik. Bu sənədlərin mahiyyətini açıqlaya bilmərəm, amma deyərdim ki, hamısı Ukrayna böhranının uzunmüddətli həlli ilə bağlıdır”, – deyə Uşakov bildirib.

Uşakov Amerika nümayəndələrinin Kiyevə deyil, ABŞ-yə qayıdacağını, Moskva danışıqlarının nəticələrini Prezident Trampa təqdim edəcəyini və Rusiya tərəfi ilə əlaqə saxlayacağını əlavə edib. Yəni, Kremlin qarşısında prosesi “saqqız kimi uzatmaq” vəzifəsi olduğu kimi qalır və müvəffəqiyyətlə icra edilir…
Beləliklə, Tramp administrasiyasının Avropa ilə qətiyyən hesablaşmadan və Ukrayna tərəfinə təzyiqlə qəbul etdirdiyi bu mürtəce plan belə Kremli qane etmir. Bu da tam gözlənilən idi. Putin bununla növbəti dəfə Trampı alçaldır…Özü başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır…




