Lerik rayonunda abadlıq və infrastruktur üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı iddialar ictimai müzakirə mövzusuna çevrilib. Daha əvvəl NewsBaku.az saytında dərc olunan “Lerikdə idarəçilik bir nəfərin əlində cəmləşib? – 29 yaşlı köməkçi ilə bağlı ciddi iddialar” başlıqlı məqalədən sonra rayonda baş verən proseslər diqqət mərkəzinə düşüb.
Həmin materialda Lerik Rayon İcra Hakimiyyətində qərarvermə mexanizmləri ilə bağlı səsləndirilən iddialar geniş rezonans doğurmuşdu. İndi isə oxşar suallar rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin taleyi ilə bağlı gündəmə gəlib.
Məlumata görə, Lerikin abadlığı üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi şübhələr var. İddia olunur ki, külli miqdarda büdcə vəsaiti konkret və kompleks layihələrə deyil, müxtəlif küçə və dalanlarda xırda, pərakəndə işlərə yönəldilir.
Müşahidələr göstərir ki, ayrı-ayrı ünvanlarda yarımçıq səkilər salınır, istinad divarları tikilir, suötürücü xətlər çəkilir. Lakin bu işlər nə şəhərin ümumi görünüşünə ciddi təsir edir, nə də uzunmüddətli infrastruktur problemi həll olunur. Bu isə vəsaitlərin məqsədyönlü və səmərəli xərclənməsi ilə bağlı suallar yaradır.
Xüsusilə iki ay əvvəl bəzi küçələrdə salınmış asfalt örtüyünün qısa müddətdə dağılması narazılıqları artırıb. İddialara görə, sənədlərdə yolun alt qatının “çay çınqılı” ilə təmin olunduğu göstərilsə də, faktiki vəziyyətin fərqli olduğu bildirilir. Asfalt qatının qalınlığı və yolun eni ilə bağlı da texniki uyğunluğun araşdırılması tələb olunur.
Məsələ ilə bağlı yayılan məlumatlardan sonra rayonda müəyyən yoxlama və araşdırma proseslərinin başladığı bildirilir. Rəsmi qurumların mövqeyi və aparılan yoxlamaların nəticələri ictimaiyyət üçün xüsusi maraq doğurur.
Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




